Müəllif:Mehin Qasımova,Banco.az
Beynəlxalq Valyuta Fondu (BVF) qlobal dövlət borcunun İkinci Dünya müharibəsindən bəri ən yüksək səviyyələrdən birinə yaxınlaşdığını və yaxın illərdə dünya ÜDM-inin 100%-ni keçə biləcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, bunu BVF-nin idarəedici direktoru Kristalina Georgieva Sinqapurda bildirib.
Onun sözlərinə görə, qlobal iqtisadiyyata təsir edən əsas risklər arasında yüksək büdcə kəsirləri, rekord səviyyədə dövlət borcu və artan borc xidməti xərcləri yer alır.
Georgieva bildirib ki, ən yüksək borc yükü əsasən inkişaf etmiş ölkələrin payına düşür. Onun sözlərinə görə, inkişaf etməkdə olan bazarlarda və aşağı gəlirli ölkələrdə borcun ÜDM-ə nisbəti nisbətən aşağı olsa da, bu ölkələrin gəlirləri inkişaf etmiş dövlətlərlə müqayisədə daha azdır.
BVF rəhbəri yüksək borc səviyyəsinə malik inkişaf etmiş ölkələrdə borcun azaldılması istiqamətində daha qətiyyətli addımların atılmasının vacibliyini vurğulayıb.
O, hökumətləri büdcə kəsirlərini təcili şəkildə azaltmağa və dövlət maliyyəsinin dayanıqlığını gücləndirməyə çağırıb.
