Nobel Sülh Mükafatına geri sayım: Trampın adı gündəmdə | Banco.az

Nobel Sülh Mükafatına geri sayım: Trampın adı gündəmdə

Müəllif: Gülnar Əhmədli, Banco.az

Nobel Sülh Mükafatı sülh sahəsində bəşəriyyətə ən böyük töhfə verən şəxs və ya təşkilatlara təqdim olunur. 2026-cı il üzrə Norveç Nobel Komitəsinə ümumilikdə 287 namizədlik daxil olub. Onlardan 208-i şəxs, 79-u isə təşkilatdır.

Banco.az xəbər verir ki, namizədlərin tam siyahısı ictimaiyyətə açıqlanmır.

Nobel Komitəsi namizədliklər və qiymətləndirmələrlə bağlı məlumatları 50 il ərzində məxfi saxlayır. Buna görə də mediada adı çəkilən namizədlərin bir qismi onları irəli sürən şəxslərin öz seçimlərini açıqlaması və ya ekspertlərin qiymətləndirmələri əsasında müəyyənləşir.

Mükafatın açıqlanmasına az qalmış ən çox müzakirə olunan adlardan biri ABŞ Prezidenti Donald Tramp olub. Kamboca, İsrail və Pakistan liderləri Trampı Nobel Sülh Mükafatına namizəd göstərdiklərini açıqlasalar da, bu namizədliklərin rəsmi şəkildə təsdiqlənməsi mümkün deyil.

Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı müzakirələr ötən il mükafatın Venesuela müxalifət lideri Mariya Korina Maçadoya verilməsindən sonra da yenidən gündəmə gəlib. Maçado mükafatı aldıqdan sonra Trampa yönəlik tərifləri və medalı ABŞ Prezidentinə vermək istədiyini açıqlaması 2026-cı il mükafatı ərəfəsindəki müzakirələrə də təsir edib.

2026-cı il Nobel Sülh Mükafatı üçün ictimaiyyət arasında adı önə çıxanlar arasında Papa Leo, Beynəlxalq Cinayət Məhkəməsi (ICC), Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) də var.

Sudanda müharibə zamanı humanitar yardım göstərən Emergency Response Rooms və Save the Children təşkilatları da mümkün namizədlər arasında göstərilir.

Ekspertlərin diqqət çəkdiyi qeyri-adi namizədlərdən biri isə Beynəlxalq Kosmik Stansiyadır (ISS). ABŞ, Rusiya və Avropa ölkələrinin birgə fəaliyyət göstərdiyi ISS-in müxtəlif ölkələrin münaqişələrə baxmayaraq ortaq məqsəd ətrafında əməkdaşlıq etməsinin simvolu kimi qiymətləndirilə biləcəyi bildirilir.

2026-cı il Nobel Sülh Mükafatının sahibi oktyabrın 9-da, cümə günü, Osloda açıqlanacaq. Mükafatın təqdimetmə mərasimi isə dekabrın 10-da Norveçin paytaxtı Osloda keçiriləcək.

Komitənin 287 namizəd arasından hansı şəxs və ya təşkilatı seçəcəyi maraqla gözlənilir. Bununla yanaşı, mükafatdan əvvəl mediada yayılan namizədliklərin rəsmi namizəd siyahısı olmadığı xüsusilə vurğulanır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram