Avropa İttifaqı Rusiya qarşı yeni sanksiyalar hazırlayır | Banco.az

Avropa İttifaqı Rusiya qarşı yeni sanksiyalar hazırlayır

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqı Rusiyaya qarşı indiyədək tətbiq etdiyi ən geniş sanksiya paketlərindən birini qəbul etməyə hazırlaşır. Yeni siyahıya təxminən 1650 fiziki və hüquqi şəxsin daxil ediləcəyi gözlənilir.

Banco.az xəbər verir ki, yeni hədəflərin təxminən 1570-si Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli şəxslər və təşkilatlardır. Onların yarıdan çoxunun isə raket istehsalı zənciri ilə bağlı olduğu bildirilir.

Yeni sanksiyalar Rusiyanın raket, dron, hərbi elektronika, dəqiq maşın və avadanlıq, eləcə də ikili təyinatlı texnologiyalara çıxışının məhdudlaşdırılmasına yönələcək.

Təklif olunan siyahı təsdiqlənərsə, bu, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Aİ-nin tətbiq etdiyi ən böyük fərdi sanksiya genişlənmələrindən biri olacaq.

Hazırda Aİ-nin əsas Rusiya sanksiya rejimi 3 mindən bir qədər çox fiziki və hüquqi şəxsi əhatə edir. Yeni 1650 adın əlavə edilməsi siyahının əhəmiyyətli dərəcədə genişlənməsinə səbəb olacaq.

Sanksiya tətbiq edilən şəxslərin və təşkilatların Aİ ərazisindəki aktivləri dondurulur. Bundan əlavə, Aİ vətəndaşlarına və şirkətlərinə həmin şəxslərə və qurumlara vəsait və ya iqtisadi resurs təqdim etmək qadağan edilir. Fiziki şəxslər üçün Aİ ölkələrinə giriş və tranzit məhdudiyyətləri də tətbiq olunur.

Yeni siyahıya daxil ediləcək şəxslərin hamısının eyni sanksiya rejiminə salınmayacağı bildirilir. Təxminən 1570 hərbi-sənaye yönümlü hədəfdən başqa, digər şəxslər Rusiya ilə əlaqəli müxtəlif sanksiya mexanizmləri çərçivəsində qiymətləndiriləcək.

Məlumata görə, siyahıda Rusiyanın üçüncü ölkələr vasitəsilə hərbi təchizat və texnologiya əldə etməsinə kömək etdiyi iddia olunan şəxslər və qurumlar da yer ala bilər.

Aİ üzv ölkələrinin səfirlərinin yeni siyahını bu gün müzakirə edərək razılaşdırması gözlənilir. İlkin razılıq əldə olunacağı təqdirdə, sənədin Aİ xarici işlər nazirlərinə təqdim ediləcəyi və yekun qərarın gələn bazar ertəsi qəbul ediləcəyi bildirilir.

Qeyd edək ki, Aİ iyul ayında Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul etmişdi. Həmin paketə 218 yeni şəxs və təşkilat daxil edilmiş, 51 təşkilat üçün isə ikili təyinatlı mallar və texnologiyaların ixracına daha sərt məhdudiyyətlər tətbiq olunmuşdu.