BVF: Süni intellekt və enerji qiymətləri inflyasiyanı artıra bilər | Banco.az

BVF: Süni intellekt və enerji qiymətləri inflyasiyanı artıra bilər

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva süni intellektin inkişafı, yüksək enerji qiymətləri, gömrük rüsumları və müdafiə xərclərinin artmasının qlobal inflyasiyaya təzyiq göstərə biləcəyini bildirib.

Banco.az xəbər verir ki, Georgiyeva bu barədə BVF və Dünya Bankının gələn həftə Taylandda keçiriləcək payız iclası öncəsi Sinqapurda çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, süni intellekt sahəsində sürətli inkişaf, enerji və ərzaq böhranları, artan tariflər, müdafiə xərcləri və yüksək dövlət borcu inflyasiya risklərini gücləndirən əsas amillər sırasındadır.

“Süni intellekt bumu inflyasiyanı artırır. Enerji və ərzaq böhranları, tariflər, müdafiə xərcləri və yüksək dövlət borcu da inflyasiyanı artıra bilər”, – Georgiyeva deyib.

BVF rəhbəri qeyd edib ki, gübrələrin, ərzaq məhsullarının və əsas sənaye xammalının qiymətləri də yüksəlir. Eyni zamanda, El-Ninyo ilə əlaqəli əlverişsiz hava şəraiti qlobal ərzaq təhlükəsizliyi üçün əlavə risklər yaradır.

Georgiyevanın sözlərinə görə, indiyədək enerji səmərəliliyinin artırılması, yanacaq mənbələrinin şaxələndirilməsi, mövcud ehtiyatlardan istifadə və təchizat zəncirlərinin çevikliyi sayəsində bir sıra mənfi şokların təsirini məhdudlaşdırmaq mümkün olub.

O əlavə edib ki, son illərdə yüksək inflyasiya ilə bağlı təcrübə hələ də yaddaşlarda təzədir və yeni risklərə qarşı diqqətli olmaq lazımdır.