Müəllif:Mehin Qasımova,Banco.az
İlon Maskın sərvəti "SpaceX" və "Tesla" səhmlərinin bahalaşması fonunda bir gündə 65 milyard dollar artaraq 1,04 trilyon dollara çatıb.
Banco.az xəbər verir ki, bununla Maskın sərvəti üç aydan sonra ilk dəfə yenidən 1 trilyon dollar həddini keçib.
Oktyabrın əvvəlindən etibarən SpaceX-in səhmləri 13%, Tesla-nın səhmləri isə 6,7% bahalaşıb. Hər iki şirkətin səhmlərinə investor marağının artması Maskın sərvətinin əhəmiyyətli dərəcədə bərpasına səbəb olub.
Mask iyun ayında SpaceX-in rekord qiymətləndirməsi fonunda dünyanın ilk trilyoneri olmuşdu. Lakin şirkətin yüksək qiymətləndirilməsi ilə bağlı narahatlıqlar sonrakı dövrdə səhmlərin ucuzlaşmasına səbəb olub.
İyulun sonuna qədər Maskın sərvəti 600 milyard dollardan çox azalıb.
Maskın sərvətinin bərpasında SpaceX-in səhmlərinin yüksəlişi də mühüm rol oynayıb. Şirkətin səhmləri avqust ayında qeydə alınan minimum səviyyədən etibarən 58% artıb.
Morgan Stanley analitikləri SpaceX-i kosmik və süni intellekt sektorlarının böyümə potensialından yararlanmaq baxımından cəlbedici şirkətlərdən biri kimi qiymətləndiriblər.
Tesla-nın satış göstəriciləri də investorların şirkətə münasibətinin yaxşılaşmasına təsir edib.
Şirkətin ötən həftə açıqladığı üçüncü rüb satışlarının gözləntiləri üstələməsi "Tesla" səhmlərinin bahalaşmasına səbəb olan əsas amillərdən biri olub.
