Bir məhsulun yoxluğu şirkətə müştəri itirə bilər – Səbəb nədir? | Banco.az

Bir məhsulun yoxluğu şirkətə müştəri itirə bilər – Səbəb nədir?

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Mağazalarda istehlakçıların mütəmadi aldığı bəzi məhsulların müəyyən dövrdə satışdan yoxa çıxması, daha sonra isə yenidən rəflərdə görünməsi tez-tez rast gəlinən hallardandır. Bəzən məhsulu bir müddət heç bir mağazada tapmaq mümkün olmur, bəzən isə yalnız müəyyən satış nöqtələrində satışdan çıxarılır. Daha sonra məhsul yenidən bazara qayıdır və istehlakçı əvvəlki qiymətlə yeni qiymət arasında ciddi fərq görə bilir. Belə vəziyyət xüsusilə gündəlik tələbat olan məhsullarda alıcıların diqqətini çəkir və bazarda qiymətlərin necə formalaşdığı ilə bağlı suallar yaradır.

Məhsul yenidən satışa qayıtdıqda qiymətin dəyişməsinə hansı amillər təsir edir?

Banco.az-a açıqlamasında satış təmsilçisi Azad Qəhrəmanov bildirib ki, bu şirkətlərin, yəni həmin məhsulları satan şirkətlərin proqnozlaşdırma, satışın proqnozlaşdırılması və planlama ilə bağlı qüsurlarının olduğunu göstərən tipik bir nümunədir.

“Çünki əgər rəflərdə hansısa məhsul yoxdursa, deməli, bunu təchiz edən şirkətin anbarında da həmin məhsul yoxdur. Ya məhsul hələ istehsal olunmayıb, ya da ölkə xaricindən gətirilməyib.

Bu, nə qədər satış olacağının doğru proqnozlaşdırılmaması və ya ümumiyyətlə proqnozlaşdırma hesablamalarının aparılmaması səbəbindən baş verir. Bəzən stok planlaması gözəyarı, intuitiv şəkildə aparılır və nəticədə belə hallarla qarşılaşılır.

Nəticədə, bəli, müştərilər itirilir. Çünki müştəri müəyyən bir məhsula öyrəşir, daha sonra həmin məhsulu bir müddət görmədikdə artıq başqa seçimə yönəlir. Çünki bu gün istənilən kateqoriyada seçim çoxdur. Beləliklə, şirkət əziyyətlə qazandığı müştəriləri də itirmiş olur. Bu, müştərilər üçün də təbii ki, diskomfort yaradır, amma eyni zamanda burada ən çox itirən şirkətlərin özüdür”.

“Bunu aradan qaldırmaq üçün şirkətdə satışın “beyni” rolunu oynayan funksiya, yəni analitik olmalıdır ki, proqnozlaşdıra bilsin: məsələn, oktyabr ayında nə qədər satış gözlənilir. Bunu planlaşdırmaq və planlaşdırma zamanı tədarük zəncirini də düzgün qurmaq lazımdır.

Belə yanaşma effektivliyi artırır, nəticələri yaxşılaşdırır, müştəri sədaqətini və dövriyyəni artırır, şirkəti gücləndirir. Eyni zamanda xərclərə də ciddi qənaət etməyə kömək edir” – deyə ekspert əlavə edib.