Müəllif: Tamara Mustafayeva, Banco.az
“Stellantis” satışlarda güclü artım müşahidə edir.
Banco.az xəbər verir ki, “Stellantis” yaydığı açıqlamada bildirib ki, ikinci rübdə dilerlərə, distribütorlara, eləcə də birbaşa pərakəndə və korporativ müştərilərə ümumilikdə təxminən 1,6 milyon avtomobil təhvil verib.
Avtomobil istehsalçısının “Hemi V8” mühərrikli “Ram 1500” pikapı kimi modelləri yenidən bazara çıxarması nəticəsində Şimali Amerikada tədarüklər 38 faiz artıb. Avropada isə bu göstərici 5 faiz yüksəlib. Şirkət həmçinin “Zhejiang Leapmotor Technology” ilə yaratdığı birgə müəssisənin nəticələrini də bu statistikaya daxil edib.
“Stellantis”in baş icraçı direktoru Antonio Filosa may ayında şirkət üçün hazırladığı transformasiya planını təqdim edib. Plana əsasən, 2030-cu ilədək 60 milyard avro (68,4 milyard dollar) həcmində investisiya yatırılacaq və onlarla yeni model bazara çıxarılacaq.
Qrup bu strategiya çərçivəsində “Jeep”, “Ram”, “Peugeot” və “Fiat” markalarına üstünlük verəcək. Bununla yanaşı, Avropadakı bəzi zavodlarının istehsal gücündən daha səmərəli istifadə etmək məqsədilə “Leapmotor” və “Dongfeng Motor” ilə əməkdaşlığını genişləndirəcək.
Bütün bu addımlara baxmayaraq, Filosanın yeni planını təqdim etməsindən sonra “Stellantis”in səhmləri dəyərinin dörddəbirindən çoxunu itirib. “JPMorgan” və “HSBC” analitikləri ABŞ-da artan avtomobil ehtiyatlarını əsas gətirərək bu ay şirkətin səhmləri üzrə tövsiyələrini aşağı salıblar.
“Stellantis” ikinci rübün ətraflı maliyyə nəticələrini iyulun 30-da açıqlayacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
