“Volkswagen” tarixi ixtisarlar planlaşdırır | Banco.az

“Volkswagen” tarixi ixtisarlar planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Volkswagen” tarixi ixtisarlar planlaşdırır.

Banco.az xəbər verir ki, “Volkswagen”in daxili şəbəkəsində yayımlanan və “Bloomberg”in əldə etdiyi iclas protokoluna əsasən, şirkətin baş icraçı direktoru Oliver Blum qlobal işçi qüvvəsinin strukturuna dair genişmiqyaslı plan hazırlayıb.

Blum bildirib ki, qrup daxilində işçilərin sayı onilliklər ərzində davamlı şəkildə artaraq hazırda artıq dayanıqlı olmayan səviyyəyə çatıb. Onun sözlərinə görə, bu vəziyyət bazar dinamikalarındakı dəyişikliklər və şirkətin nəzarətindən kənarda baş verən, on milyardlarla avro həcmində mənfi xarici amillərlə bağlıdır.

Baş icraçı direktor vurğulayıb ki, Alman avtomobil istehsalçısının ümumi inzibati xərcləri rəqibləri ilə müqayisədə təxminən 20 faiz daha yüksəkdir. Şirkətin rəqabət qabiliyyətini artırmaq üçün 2024-cü ildə başladılan qənaət proqramına əlavə olaraq, nəzəri hesablamalara əsasən, daha 50 min iş yerinin ixtisar edilməsinə ehtiyac var.

Dünya üzrə 657 mindən çox əməkdaşı olan “Volkswagen”də bu addım ilkin qənaət planında nəzərdə tutulan işçi ixtisarlarının həcminin iki dəfə artırılması deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram