Müəllif:Mehin Qasımova,Banco.az
Ukrayna 2025-ci ildə müdafiə xərclərinə ümumi daxili məhsulunun (ÜDM) 39,56%-ni yönəldərək Avropa ölkələri arasında ilk sırada qərarlaşıb.
Banco.az xəbər verir ki, bu barədə SIPRI-nin Hərbi Xərclər Verilənlər Bazası əsasında hazırlanan araşdırmada bildirilir.
Məlumata görə, Ukraynadan sonra ən yüksək müdafiə xərclərinə malik ölkə Rusiya olub. Ölkə ötən il hərbi məqsədlərə ÜDM-in 7,5%-ni sərf edib. İlk beşlikdə, həmçinin Polşa (4,5%), Latviya (3,61%) və Estoniya (3,37%) yer alıb.
Araşdırmaya əsasən, Ukrayna nəzərə alınmadıqda Avropa ölkələrinin müdafiə xərcləri orta hesabla ÜDM-in təxminən 2%-ni təşkil edib. Kontinent üzrə ümumi orta göstərici isə Ukraynanın yüksək hərbi xərclərinin təsiri ilə 2,94% olub.
Ekspertlər bildirirlər ki, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı müharibədən sonra xüsusilə NATO-nun şərq cinahında yerləşən ölkələr müdafiə büdcələrini əhəmiyyətli dərəcədə artırıblar.
Araşdırmada qeyd olunur ki, NATO üzvləri 2035-ci ilədək müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmağı öhdələrinə götürüblər. Bu qərar Avropada sürətlənən yenidən silahlanma prosesinin göstəricisi kimi qiymətləndirilir.
Buna baxmayaraq, Qərbi Avropanın aparıcı iqtisadiyyatlarında müdafiə xərcləri nisbətən aşağı səviyyədə qalır. Belə ki, Böyük Britaniya ÜDM-in 2,35%-ni, Almaniya 2,27%-ni, İspaniya 2,13%-ni, Fransa isə 2,03%-ni müdafiəyə ayırıb.
Analitiklər hesab edirlər ki, Avropada təhlükəsizlik risklərinin artması və ABŞ-ın NATO üzvlərinə müdafiə xərclərini artırmaqla bağlı çağırışları yaxın illərdə hərbi büdcələrin daha da böyüməsinə səbəb ola bilər.
