Müəllif: Tamara Mustafayeva, Banco.az
Rusiyanın neft emalı zavodlarının istehsalı son 21 ilin ən aşağı səviyyəsinə düşüb.
Banco.az xəbər verir ki, “EA Analytics” tərəfindən toplanmış məlumatlara əsasən, iyul ayının əvvəlindən etibarən xam neft emalının orta gündəlik həcmi 3,91 milyon barel təşkil edib. Bu göstərici 2005-ci ilin mart ayından bəri qeydə alınan ən aşağı səviyyədir.
Məlumatlar göstərir ki, cari göstərici ötən ilin eyni dövründəki orta gündəlik həcmdən 1,4 milyon bareldən çox aşağıdır.
İstehsalın azalması əvvəllər benzin və aviasiya yanacağının tədarükünə tətbiq edilən məhdudiyyətlərlə yanaşı, iyul ayının sonunadək dizel yanacağının ixracının böyük hissəsinə qadağa qoyulmasına səbəb olub.
Qlobal bazarın mühüm təchizatçılarından biri olan Rusiyadan dizel tədarükünün azalması Yaxın Şərqdəki tədarük axınlarında yaranan fasilələr səbəbindən onsuz da məhdud olan bazarda qiymətlərin son illərin ən yüksək səviyyəsinə yüksəlməsinə gətirib çıxarıb.
Rusiya neft emalı zavodlarının fəaliyyəti ilə bağlı rəsmi statistik məlumatları məxfi elan edib. Bu isə sektorda yaranmış problemlərin və zərərin müstəqil şəkildə qiymətləndirilməsini çətinləşdirir.
Bizi sosial şəbəkələrdən izləyin!!
