Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqının Rusiyadan LNG idxalı rekord həddə çatıb.
Banco.az xəbər verir ki, real vaxt rejimində məlumat analitikası ilə məşğul olan “Kpler” şirkətinin beynəlxalq mediada yer alan məlumatlarına əsasən, Avropa İttifaqı (Aİ) ölkələri bu ilin yanvar–iyun aylarında Rusiyadakı “Yamal LNG” zavodundan ümumilikdə 136 yük partiyası ilə təxminən 9,9 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) idxal ediblər.
Beləliklə, Aİ-nin bu mənbədən LNG idxalı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 18 faiz artaraq indiyədək qeydə alınan ən yüksək səviyyəyə çatıb.
Cari ilin ilk yarısında “Yamal LNG” zavodundan həyata keçirilən tədarüklərin 97 faizdən çoxu Aİ limanlarına yönəldilib. Ən çox idxal həyata keçirən ölkələr təxminən 3,6 milyon tonla Fransa, 2,9 milyon tonla Belçika və 2,7 milyon tonla İspaniya olub.
Hesablamalara əsasən, Aİ-nin sözügedən dövrdə “Yamal LNG” layihəsindən aldığı LNG-nin ümumi dəyəri təxminən 6 milyard avro təşkil edib.
Rusiyanın enerji şirkəti “Novatek” “Yamal LNG” layihəsində nəzarət paketinə sahib olan əsas səhmdardır.
Bizi sosial şəbəkələrdən izləyin!!
