“Waze” süni intellektlə işləyən yeni funksiyalarını təqdim edib | Banco.az

“Waze” süni intellektlə işləyən yeni funksiyalarını təqdim edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Waze” süni intellektlə işləyən yeni funksiyalarını təqdim edib.

Banco.az xəbər verir ki, “Google”a məxsus naviqasiya tətbiqi “Waze” yol vəziyyəti ilə bağlı yenilikləri təbii danışıq üslubunda təqdim etmək və fərdiləşdirilmiş naviqasiya imkanları da daxil olmaqla, süni intellekt dəstəkli yeni funksiyalarını istifadəyə verib.

Yeni funksiyaların bir qismi “Google”un “Gemini” süni intellekt köməkçisi ilə işləyir. Bu yenilik şirkətin “Gemini”ni bütün məhsullarına inteqrasiya etmək strategiyasının tərkib hissəsidir və eyni zamanda “Waze”in “Apple Maps” kimi rəqib xidmətlərlə rəqabət qabiliyyətini artırmağı hədəfləyir.

Tətbiq artıq istifadəçinin əvvəlki səyahət tarixçəsi və şəhərdəki nəqliyyat axınına dair məlumatlar əsasında marşrutlar təklif edir. Məsələn, istifadəçi yerli yollar əvəzinə magistral yollardan istifadə etməyə üstünlük verirsə, sistem ilk növbədə həmin marşrutları təqdim edir. İstifadəçilər fərdiləşdirilmiş marşrutlardan yararlanmaq istəmədikdə alternativ marşrutları seçə və ya bu funksiyanı ayarlar bölməsindən tamamilə söndürə bilərlər. Fərdiləşdirilmiş naviqasiya funksiyası hazırda bütün dünyada “Android” və “iOS” platformalarında istifadəyə verilib.

Bundan əlavə, istifadəçilər hara getmək istədiklərini ümumi şəkildə bildikləri, lakin konkret ünvanı müəyyənləşdirə bilmədikləri hallarda “Gemini” ilə qısa söhbət vasitəsilə təyinat nöqtəsini tapa bilirlər. Bunun üçün səsli axtarış düyməsinə toxunaraq “Hazırda açıq olan bir qəhvəxana tap”, “Grand Mall” yaxınlığında dayanacaq tap” və ya “Yaxınlıqda ən ucuz yanacaqdoldurma məntəqəsini tap” kimi sorğular vermək mümkündür. “Waze” isə uyğun variantların siyahısını təqdim edir.

“Gemini”nin imkanlarından istifadə etməklə təyinat nöqtəsinin müəyyənləşdirilməsi funksiyası hazırda dünya üzrə “Android” və “iOS” platformalarında “Waze”in beta istifadəçiləri üçün əlçatandır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram