Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya Mərkəzi Bankının rəhbəri birgə borclanmaya çağırır.
Banco.az xəbər verir ki, Almaniya Mərkəzi Bankının (“Bundesbank”) sədri Yoaxim Naqel bölgənin investorlar üçün cəlbediciliyini artırmaq məqsədilə Avropa İttifaqının daha geniş miqyasda birgə borclanmasına dəstək verdiyini bildirib.
Naqel fevralın 6-da “Politico”ya verdiyi müsahibədə Avropa İttifaqının əlavə birgə borclanmasına verdiyi dəstəyi bir daha təsdiqləyib. Onun bu mövqeyi Avropa İttifaqı liderlərinin bu həftə keçiriləcək qeyri-rəsmi sammiti ərəfəsində açıqlanıb.
Naqel müsahibəsində qeyd edib: “Avropanı cəlbedici etmək eyni zamanda kənardan investor cəlb etmək deməkdir. Təhlükəsiz Avropa aktivləri baxımından daha likvid Avropa bazarının mövcudluğu bu prosesi dəstəkləyir”.
Avropa İttifaqı qitənin Kovid-19 pandemiyasının fəsadlarından çıxmasına kömək məqsədilə ilk dəfə kollektiv borclanma yoluna əl atmışdı. Naqel daha əvvəl ortaq istiqrazlar hesabına maliyyələşdirilən vahid Avropa İttifaqı müdafiə büdcəsinin yaradılmasına çağırış etmişdi.
Naqel müsahibəsində vurğulayıb ki, “Avropa borcu əsassız bir anlayış deyil və maliyyə dayanıqlılığı ilə bağlı şübhələr ortaq siyasətlərin təkmilləşdirilməsi imkanlarını təhlükə altına almamalıdır”.
Naqel nə qədər ortaq borca ehtiyac duyulacağını dəqiqləşdirməsə də, “əgər likvid bir mexanizm yaratmaq istəyirsinizsə, bazarlara müəyyən müddət ərzində və konkret məqsəd üçün təqdim olunacaq həcm barədə aydın siqnal verməlisiniz” deyə əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
