Tarixi ada satışa çıxarıldı | Banco.az

Tarixi ada satışa çıxarıldı

Müəllif:Mehin Qasımova,Banco.az

İtaliyanın Venesiya laqununda yerləşən Krevan adası satışa çıxarılıb.

Banco.az xəbər verir ki, vaxtilə hərbi məqsədlərlə istifadə olunan ada hazırda özəl mülkiyyətdədir. Burada dörd yataq otağı olan villa, geniş bağlar, şəxsi körpü və vertolyot meydançası yerləşir.

Burano və Torçello adalarından qayıqla cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən Krevanın sahəsi standart futbol meydançasından bir qədər kiçikdir.

Adanın hərbi tarixi XIX əsrin əvvəllərinə gedib çıxır. 1806-cı ildə Napoleon dövründə Fransa ordusu Venesiya laqununun şimal hissəsini Avstriya imperiyasından qorumaq məqsədilə burada strateji müdafiə məntəqəsi yaradıb.

1815-ci ildə Krevan Avstriyanın nəzarətinə keçib. 1866-cı ildə Veneto bölgəsinin İtaliya Krallığına birləşdirilməsindən sonra ada İtaliyanın nəzarətində qalıb.

Krevan Birinci Dünya müharibəsindən sonrakı dövrə qədər hərbi məqsədlərlə istifadə olunub. Uzun müddət baxımsız vəziyyətdə qalan ada daha sonra özəl mülkiyyətə keçib.

Tarixi tikililər bərpa edilib. Adanın əsas tikilisi olan Napoleon dövrünə aid qəsr isə hazırkı sahibi tərəfindən dörd yataq otaqlı lüks villaya çevrilib.

Hazırda tarixi keçmişi və Venesiya laqunundakı mövqeyi ilə seçilən ada yeni sahibini gözləyir.