Müəllif: Gülnar Əhmədli, Banco.az
Qızıl alarkən yalnız onun görünüşünə və qiymətinə diqqət etmək kifayət etmir. Xüsusilə gələcəkdə satmaq və ya dəyişdirmək məqsədi varsa, məhsulun dəyərinə təsir edən bir sıra məqamlar əvvəlcədən nəzərə alınmalıdır. Əyar, dizayn və daşların çəkisi alışla yanaşı, sonrakı satış zamanı da mühüm rol oynayır. Eyni zamanda, qızılın istehsal olunduğu ölkə və rəngi ilə bağlı geniş yayılmış bəzi fikirlər də alıcıların seçimlərinə təsir edə bilər. Bəs qızıl alarkən hansı detallara diqqət etmək və mümkün itkiləri necə azaltmaq olar?
Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Banco.az-a bildirib ki, qızıl alınarkən ilk növbədə qızılın nə üçün aldındığı müəyyən edilməlidir:
"Qızılı bəzək əşyası olaraq istifadə etmək üçünmü alırsınız, yoxsa sonradan satmağı və ya dəyişdirməyi planlaşdırırsınız? Əgər qızıl investisiya məqsədləri üçün alınırsa, mütləq bir sıra mühüm amillər nəzərə alınmalıdır. Çünki, burada əsas məsələ qızılın yalnız estetik deyil, həm də likvid məhsul kimi qiymətləndirilməsidir. İlk olaraq, qızılın əyarına diqqət etmək lazımdır. Əyar məhsulun tərkibindəki saf qızılın miqdarını göstərir və satış zamanı əsas qiymətləndirmə meyarlarından biridir. Eyni çəkidə olan iki zinət əşyasının əyarı fərqlidirsə, onların istər alış zamanı, istərsə də satış zamanı dəyəri eyni olmayacaq. Bu məqamda, insanlarımız arasında yalnış bilinən bəzi nüanslara da diqqət çəkmək istərdim. Qızıl bazarında geniş yayılmış yanlış təsəvvürlərdən biri "Türk qızılı keyfiyyətsizdir, rus qızılı isə daha yaxşıdır" yanaşmasıdır. Eyni əyarlı iki məmulatdan biri Türkiyə, digəri Rusiya istehsalıdırsa, sırf mənşə ölkəsinə görə birinin digərindən daha keyfiyyətli olduğunu söyləmək doğru deyil. Əslində, qızılın keyfiyyətini onun hansı ölkədə istehsal olunması müəyyənləşdirmir.
İqtisadçı nümunə olaraq bildirib ki, Rusiyada zərgərlik məmulatlarının əksəriyyəti 583 əyar (14 karat) qızıl ilə hazırlanır, Türkiyədə isə 750 əyar (18 karat) qızıl daha çox istifadə olunur. 750 əyar qızılın tərkibində 75% saf qızıl varsa, 583 əyarda isə 58,3% saf qızıl olur. Bu baxımdan yanaşsaq, eyni çəkidə və digər şərtləri eyni olan iki zinət əşyasından 750 əyar olanında qızılın miqdarı daha çoxdur və daha dəyərlidir. Bu səbəbdən alıcı məhsulun üzərindəki "Türk", "Rus", "İtalyan" və ya digər mənşə adından daha çox əyarına və ya karatına baxmalıdır. Digər "doğru" bilinən yanlışlardan biri də qızılın rəngi ilə bağlı fikirlərdir. Qızılın rənginin sarı, ağ və ya çəhrayı olması öz-özlüyündə onun daha dəyərli və ya daha ucuz olması anlamına gəlmir. Yenə də, əsas məsələ əyar və faktiki qızılın tərkibidir".

V. Əhmədovanın sözlərinə görə, qızıl investisiya məqsədləri üçün alınırsa, diqqət edilməli olan ikinci mühüm məqam alış və satış qiyməti arasındakı fərq yaradan faktorlardır:
"Qızıl alarkən mağazada ödədiyiniz məbləğ yalnız qızılın öz dəyərindən ibarət olmur. Buraya işçilik, dizayn, brend və digər əlavə xərclər də daxil olur. Lakin məhsulu sonradan satarkən bu əlavələrin hamısının geri qaytarılması mümkün olmur. İşçilik haqqı potensial itkini müəyyən edən əsas amillərdəndir. Buna görə də, xüsusilə yüksək işçilik haqqı olan modellərdə və marka məhsullarda satış zamanı itki daha çox ola bilər. Xüsusilə, dekorativ və ya sintetik daşlarla bəzədilmiş qızıl zinət əşyalarının sonradan satışı zamanı mühüm fərq yaranır.
Zinət əşyasında çoxlu sayda xırda qaşın olması məhsulun mağazada daha bahalı görünməsinə səbəb ola bilər, amma bu, onun ikinci əl bazarında eyni dərəcədə yüksək qiymətə satılacağı anlamına gəlmir. Buna görə də, sırf gələcəkdə satmaq məqsədi varsa, həddindən artıq daşlı və yüksək işçilikli modellər əvəzinə, daha sadə və klassik modellərə üstünlük vermək məqsədəuyğundur. Ya da, alış zamanı məhsulun ümumi çəkisi ilə yanaşı, həmin çəkidə daşların və digər materialların payını da nəzərə almaq lazımdır. Bundan başqa, alış zamanı çekin, əyar məlumatlarının və məhsula dair sənədlərin saxlanılması da vacibdir. Qısası, məqsəd sonradan satış zamanı itkini minimuma endirməkdirsə, yüksək işçilik və çoxlu qaş əvəzinə, əyarı yüksək (yaxşı olardı ki, 750 əyar - 18 karat və ya 916 əyar - 22 karat), çəkisi əsasən qızıldan ibarət, sadə və klassik modellərə üstünlük vermək daha məntiqli yanaşmadır".
Bizi sosial şəbəkələrdən izləyin!!
