Ərzaq bahalaşmasının əsas səbəbi nədir? – Rüfət Quliyevdən açıqlama | Banco.az

Ərzaq bahalaşmasının əsas səbəbi nədir? – Rüfət Quliyevdən açıqlama

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Düşünürəm ki, inflyasiya prosesinin qarşısını almaq mümkün olmayacaq. Müharibələr davam etdiyi müddətdə bir tərəfdən ABŞ ilə İran, digər tərəfdən Rusiya ilə Ukrayna arasında gedən müharibələr fonunda bu proses davam edəcək. Çünki müharibələr həm kənd təsərrüfatı və qida məhsullarının daşınma xərclərini artırır, həm də kənd təsərrüfatı üçün yararlı torpaqların azalmasına səbəb olur. Müharibənin getdiyi ərazilərdə kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil".

Bunu Banco.az-a açıqlamasında iqtisad elmləri doktoru, professor, Milli Məclisin dörd çağırış deputatı Rüfət Quliyev deyib.

R. Quliyev bildirib ki, bunun Azərbaycana həm ümumi, həm də birbaşa təsirləri var. Dünyada neft və qazın bahalaşması da bu proseslərdən biridir. Təbii ki, neftin qiyməti yüksəldikcə qazın qiyməti də artır:

"Azərbaycana təsir edən digər mühüm amil isə İrandan idxal olunan kənd təsərrüfatı və qida məhsullarıdır. Azərbaycana xüsusilə ucuz kənd təsərrüfatı və qida məhsullarının böyük hissəsi İrandan gəlirdi. Hazırkı müharibə şəraitində isə İranda inflyasiyanın sürətlənməsi və milli valyutanın devalvasiyası ölkənin kənd təsərrüfatına və ümumilikdə iqtisadiyyatına ciddi mənfi təsir göstərir. İranda inflyasiya artdıqca məhsulların maya dəyəri yüksəlir və nəticədə onların qiyməti artır. Bu da Azərbaycana idxal olunan məhsulların qiymətində özünü göstərir.

Bundan başqa, İranda qida və kənd təsərrüfatı məhsullarında müəyyən çatışmazlıqların olduğunu da nəzərə almaq lazımdır. Bunun səbəblərindən biri də müharibə və gedən döyüşlərdir. Bu prosesin fəsadları artıq bir ilə yaxındır ki, özünü göstərir və nəticədə Azərbaycanda da xüsusilə gündəlik tələbat məhsullarının qiymətlərinə təsir edir. Burada söhbət İtaliya, İspaniya və ya Fransa kimi ölkələrdən gətirilən bahalı və brend məhsullardan deyil, daha ucuz və gündəlik istehlak olunan qida məhsullarından gedir.

Rusiyada gedən proseslər də bu baxımdan əhəmiyyətlidir. Rusiya bir sıra kənd təsərrüfatı məhsullarının ixracına qadağa və ya məhdudiyyətlər tətbiq edib. Taxıl bu məsələdə əsas problemlərdən biridir. Azərbaycan taxıl tədarükü ilə bağlı alternativ yollar taparaq digər ölkələrdən, o cümlədən Qazaxıstandan daha çox taxıl alır. Lakin bütün bunlara baxmayaraq, xarici bazarlarda baş verən dəyişikliklərin Azərbaycana təsiri qaçılmazdır".

Rüfət Quliyev bu səbəblərə görə, hesab edir ki, Azərbaycanda inflyasiyanın əhəmiyyətli hissəsinin kökü xaricdən gətirilən qida və kənd təsərrüfatı məhsulları ilə bağlıdır: "Bunun həlli yolu isə Azərbaycanda kənd təsərrüfatının inkişaf tempini daha da artırmaqdır. Xüsusilə mikro, kiçik və orta sahibkarlığın kənd təsərrüfatında, eləcə də emal və təkrar emal sahələrində inkişafı sürətləndirilməlidir.

Bununla Azərbaycanda qida məhsullarına olan tələbatın daha böyük hissəsini daxili istehsal hesabına təmin etmək mümkündür. Mənə elə gəlir ki, Azərbaycan qida məhsullarına olan tələbatının 85 faizinə qədərini özü təmin edə bilər. Bunun üçün isə yeni addımlar və stimullar lazımdır. Dövlət müəyyən tədbirlər görür, amma bu prosesin sürətini bir qədər də artırmaq lazımdır.

Digər mühüm amil Türkiyədə gedən proseslərdir. Türkiyədə bir tərəfdən devalvasiya, digər tərəfdən isə yüksək inflyasiya müşahidə olunur. Bu inflyasiya iqtisadiyyatın əsas sütunlarına təsir edir və öz fəsadlarını göstərir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) proqnozlarına baxdıqda da qida və kənd təsərrüfatı məhsulları üzrə qiymət artımının qlobal problem olduğunu görürük. Bəzi ölkələrdə qiymətlər daha sürətlə, bəzilərində isə daha aşağı templə artır. Azərbaycan dövləti bu məsələnin qarşısını almaq üçün bir sıra tədbirlər görür. Lakin bu, gözlənilən və obyektiv bir prosesdir.

Bu baxımdan insanların özlərinin, xüsusilə regionlarda yaşayan əhalinin kiçik təsərrüfatlar yaradaraq müəyyən məhsullarla öz tələbatlarını təmin etməsi də əhəmiyyətlidir. Mən bütün uşaqlığımı daha çox Lənkəranda keçirmişəm. Orada insanlar bostançılıq, meyvəçilik və tərəvəzçiliklə məşğul olur, həyətlərində inək, xırdabuynuzlu heyvanlar və toyuq-cücə saxlayırdılar. Ən azı yumurta və toyuq-cücə kimi məhsullarla özlərini təmin edə bilirdilər və bu məhsulları bazardan almağa ehtiyac qalmırdı".

Professorun sözlərinə görə, bu gün insanlar bəzi məhsulları haradan aldıqları soruşulduqda fəxrlə “supermarketdən alırıq” deyirlər: "Məncə, bu, düzgün yanaşma deyil. Əlbəttə, söhbət şəhərdən getmir. Amma torpağı olan və kənd təsərrüfatı ilə məşğul olmaq imkanı bulunan insanların öz təsərrüfatlarını inkişaf etdirməsi vacibdir.

Torpaq islahatının əsas məqsədlərindən biri də insanlara torpaq verərək onların əkin-biçinlə məşğul olmasına imkan yaratmaq idi. Bu gün suyun, elektrik enerjisinin və digər resursların baha olması ilə bağlı müəyyən çətinliklər var. Amma Cəlilabadda və Astaranın bəzi kəndlərində elə təsərrüfatlar var ki, insanlar qida məhsullarına olan tələbatlarının böyük hissəsini özləri təmin edirlər. Belə kəndlər Azərbaycanın bir çox regionlarında mövcuddur.

Məsələn, Lənkəranda təxminən 10 ildir tanıdığım bir ailə var. Onlardan yağ, pendir, süd, qatıq və yumurta alıram. Ailənin təxminən 9-10 inəyi, 30-40-a yaxın qoyunu və çoxlu sayda toyuq-cücəsi var. Onlar bu təsərrüfatı quraraq həm özlərini təmin edir, həm də ətrafdakı insanlara keyfiyyətli və ekoloji təmiz qida məhsulları təqdim edirlər. Hətta məhsulları ikiqat baha satılsa belə, insanlar onları almağa üstünlük verirlər. Bu, bir ailənin öz təsərrüfatını quraraq həm dolanışığını təmin edə, həm də bazara məhsul çıxara bilməsinin bariz nümunəsidir".

"Eyni zamanda, son 5 ildə Azərbaycanda istehsal olunan qida məhsullarının həm çeşidi, həm sayı, həm də keyfiyyəti artıb. Hazırda yerli istehsal olan qatıq, süd, yağ və bir çox ət məhsullarının keyfiyyəti yüksəkdir. Lakin qiymət məsələsindən danışarkən məhsulların maya dəyərinə təsir edən əsas amillərdən biri də istehsalın həcminin artırılmasıdır. Bunun üçün regionlarda şəraiti daha da yaxşılaşdırmaq, insanların kənd təsərrüfatına daha çox vaxt ayırmasına və maraq göstərməsinə imkan yaratmaq lazımdır.

Beləliklə, həm xarici bazarlardan asılılığın azaldılması, həm də qida məhsullarının qiymətlərinin sabitləşdirilməsi baxımından yerli kənd təsərrüfatının inkişafının sürətləndirilməsi əsas məsələlərdən biri olaraq qalır", - deyə Rüfət Quliyev əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram