“Pulsuz çatdırılma” xidməti: Bəs kuryerin pulunu kim ödəyir? | Banco.az

“Pulsuz çatdırılma” xidməti: Bəs kuryerin pulunu kim ödəyir?

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Onlayn alış-verişdə məhsulun qiyməti ilə yanaşı, çatdırılma haqqı da istehlakçıların qərarına təsir edən əsas amillərdən biridir. Buna görə də platformaların və mağazaların “pulsuz çatdırılma” təklifləri alıcılar üçün cəlbedici görünür və sifariş qərarını asanlaşdıra bilir. Lakin çatdırılma xidmətinin göstərilməsi həm logistika, həm də digər əməliyyat xərcləri yaradır. Bu halda “pulsuz” kimi təqdim olunan çatdırılmanın biznes baxımından necə hesablandığı və bu modelin satıcı ilə platformaya təsiri sual doğurur. Bəs çatdırılma haqqının istehlakçıdan tutulmadığı halda bu xidmətin xərcini kim qarşılayır? Pulsuz çatdırılma məhsulun yekun qiymətinə təsir edir?

Elektron ticarət üzrə mütəxəssis Nicat Manafov Banco.az-a bildirib ki, “pulsuz çatdırılma” ifadəsi istehlakçıda əlavə xərc olmadığı təəssüratı yaratsa da, əslində çatdırılma xidmətinin müəyyən xərci var. Bu xərc isə məhsulun qiymətinə daxil edilə bilər:

“Məsələn, məhsulun qiyməti 90 manat, çatdırılma haqqı 10 manatdırsa, satıcı məhsulun qiymətini 100 manat müəyyənləşdirib çatdırılmanı “pulsuz” təqdim edə bilər. Bu halda alıcı çatdırılma xərcini ayrıca deyil, məhsulun qiymətinin tərkibində ödəmiş olur.

Çatdırılma fiziki prosesdir və onun həyata keçirilməsi müəyyən xərc tələb edir. Xüsusilə üçüncü tərəf çatdırılma şirkətləri bu prosesə cəlb olunursa, həmin xidmətin qarşılığında mağaza tərəfindən ödəniş edilir”.

“Bu səbəbdən alıcılar “pulsuz çatdırılma” kampaniyalarına yalnız bu ifadəyə əsaslanaraq qərar verməməlidirlər. Məhsulun yekun qiymətini digər satıcılardakı qiymətlərlə müqayisə etmək daha doğru yanaşmadır. Çünki çatdırılma xərcinin məhsulun qiymətinə əvvəlcədən daxil edilməsi mümkündür.

Başqa sözlə, məhsulun qiyməti 10 manat, çatdırılma xərci isə 2 manatdırsa, satıcı məhsulu 12 manata sataraq “pulsuz çatdırılma” təklif edə bilər. Bu halda çatdırılma əslində pulsuz deyil, onun xərci məhsulun qiymətində əks olunub” – deyə mütəxəssis əlavə edib.