Qızıl niyə bahalaşdıqca daha cəlbedici olur? – İqtisadçı açıqlayır | Banco.az

Qızıl niyə bahalaşdıqca daha cəlbedici olur? – İqtisadçı açıqlayır

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Qızılın qiyməti artdıqca ona marağın azalması gözlənilsə də, bazarda bəzən əks tendensiya müşahidə olunur. Qiymət yüksəlişini görən bəzi alıcılar qızıl almağa daha çox maraq göstərir və alışlarını təxirə salmamağa çalışırlar. Xüsusilə qiymətlərin daha da yüksələcəyi gözləntisi yarandıqda bu davranış daha da nəzərə çarpa bilər. Qızılın həm investisiya, həm də yığım vasitəsi kimi istifadə olunması isə bu bazarı digər məhsullardan fərqləndirir. Bəs qiymət artımı qızıla olan tələbatı niyə azaldmaq əvəzinə bəzi hallarda artırır?İnsanları bahalaşan qızıla investisiya etməyə sövq edən əsas amillər hansılardır?

İqtisadçı Elçin Rəşidov Banco.az-a bildirib ki, bu qiymət artımı qızıla olan tələbatı, daha doğrusu, marağı artırır.

“Məsələ belədir ki, tələbat artanda həm alıcıların sayı çoxalır, həm də qızılın qiyməti yüksəlir. Əgər ümumi bazarda qızıla tələbat artıbsa, həm qızıl alanların sayı artır, həm alış həcmi yüksəlir, həm də qiymət bahalaşır. Bu iki proses eyni vaxtda baş verir.

Qızıla tələbi artıran fundamental amillər var. Eyni amillər əks istiqamətdə hərəkət etdikdə isə qızıla olan tələbatı azaldır. Məsələn, qızıla tələbi artıran amillərdən biri ABŞ Federal Ehtiyat Sisteminin (FED) müəyyən etdiyi faiz dərəcələridir. Digər amillərə neftin qiyməti və dünya iqtisadiyyatındakı dəyişikliklər daxildir. Bu kimi hadisələr qızıla olan tələbatı dəyişir.

Dünya iqtisadiyyatında soyumalar baş verə bilər. Bunun köklü səbəblərindən biri geosiyasi gərginliklərdir. Müharibələr və digər geosiyasi risklər qızıla olan tələbatı artıra bilər. Belə vəziyyətlərdə qızılın yığım və qorunma aləti kimi rolu artır. İnsanlar bizneslərdən daha çox geri çəkilirlər, çünki bizneslərin gələcək perspektivləri zəifləyir, təchizat, logistika, daşınma və digər sahələrdə problemlər yaranır və ya belə problemlərin yaranacağı gözlənilir.

Eyni zamanda, müharibələr insanların bəzi istehlaklarını azaltmasına səbəb olur ki, bu da müəyyən bizneslərin zəifləməsinə gətirib çıxarır. Nəticədə insanlar səhmlərə, bizneslərə və yeni investisiyalara yatırımları azaldaraq daha çox qızıl kimi qoruyucu aktivlərə yönəlirlər. Səhmlərin qiymətinin düşməsinin səbəblərindən biri də məhz səhmlərə olan tələbatın azalmasıdır. Bunun fonunda qızıla tələbat artır”.

O deyir ki, qızıla olan tələbat həm fərdi investorlar, həm fondlar, həm də mərkəzi banklar tərəfindən formalaşa bilər: “Dünyanın bütün mərkəzi bankları ehtiyatlar yaradır və onlar öz ehtiyatlarında qızılın payını artıra bilərlər.

ABŞ-nin mərkəzi bankı rolunu oynayan Federal Ehtiyat Sistemi faiz dərəcələrini dəyişir. Məsələn, FED faiz dərəcələrini qaldıranda və ya faiz artımı gözləntisi yarananda dollarla ifadə olunan aktivlərin cəlbediciliyi artır. Dollarla olan aktivlərin cəlbediciliyi yüksəldikdə insanlar qızıllarını sataraq dollar almağa meyllənə bilərlər. Bu zaman qızılın qiyməti aşağı düşür.

Əksinə, FED faiz dərəcələrini azaltdıqda və ya faizlərin azaldılması ehtimalı yarandıqda dollarla olan aktivlərin cəlbediciliyi zəifləyir. Bu isə qızıla yatırımların artmasına səbəb olur. Beləliklə, qızılın cəlbediciliyi və ona olan maraq yüksəlir. Tələbatın artması nəticəsində həm qızılın qiyməti qalxır, həm də onu almaq istəyənlərin sayı çoxalır. Fundamental səbəb də əsasən budur.

Hər hansı istehlak malından, məsələn, tərəvəzdən söhbət gedirsə, onun qiyməti artanda əksər hallarda həmin məhsula tələbat azalır. Qızıl isə belə deyil. Çünki qızıl həm də investisiya vasitəsidir. İnsanlar qızılın qiyməti qalxanda və ya azalanda yalnız mövcud qiymətə baxmırlar. Onlar bundan sonra qızılın qiymətinin artacağını, yoxsa azalacağını da nəzərə alırlar”.

“Bundan başqa, alternativ investisiyaların vəziyyəti də mühüm rol oynayır. Məsələn, səhmlərin, kriptovalyutaların, neftin, istiqrazların və digər investisiya alətlərinin vəziyyəti qiymətləndirilir. İnsanlar bu alternativ investisiyaların perspektivlərinə baxaraq qızıla yatırım edib-etməmək barədə qərar verirlər.

Faiz dərəcələri artanda və alternativ aktivlərin cəlbediciliyi yüksələndə qızıla olan tələbat azala, nəticədə qızılın qiyməti düşə bilər. Əksər hallarda isə proses əks istiqamətdə gedir: alternativ investisiyaların cəlbediciliyi azaldıqda qızıla maraq və tələbat artır – deyə E.Rəşidov əlavə edib.