2027-ci ildə “Mərkəzi Asiya–Azərbaycan” biznes forumunun keçirilməsi təklif olunub.
Bu təklifi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında çıxışı zamanı edib.
Özbəkistan Prezidenti qeyd edib ki, Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq yeni səviyyəyə qaldırılmalıdır.
Onun sözlərinə görə, tərəflər sadəcə qarşılıqlı ticarətlə kifayətlənməməli, birgə sənaye və texnoloji zəncirlər yaradaraq ortaq məhsullar istehsal etməlidirlər.
Şavkat Mirziyoyev bu yanaşmanı “6 iqtisadiyyat – 1 məhsul” formulu ilə ifadə edib. O bildirib ki, bir neçə ölkənin vahid istehsal zəncirində iştirakı onların iqtisadiyyatları arasında adi əmtəə mübadiləsindən daha möhkəm əlaqələr yaradacaq.
Mirziyoyev, həmçinin Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının Məşvərət Görüşlərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsini təklif edib.
apa
