Bəzən müxtəlif mənbələrdə iqtisadi artım (economic growth) və iqtisadi inkişafı (economic development) birbirlərinin əvəzinə istifadə edildiyini görürəm. Bu yazını yazmaqda məqsədim, bu iki anlayışın nə qədər bir birinə yaxın və bir biriylə iç-içə olsa da aralarında kəskin fərqlərin olduğu haqqında təbii ki iqtisadi elmə əsaslanaraq bilgi və fikirlərimi paylaşmaqdır. Öncə "artım" və "inkişaf" anlayışlarının iqtisadi tərəfini sonraya saxlayıb sırf bu anlayışların ümumi izahını vermək istərdim.
Artım və inkişaf terminləri və bunlara yaxın məsələn, tərəqqi, irəliləyiş kimi bəzi terminlər də çox vaxt bir-biri ilə qarışdırılaraq və ya bir birinin yerinə istifadə edilir. Artım sadə dillə desək mövcud olanın kantitativ(kəmiyyət) ölçü baxımından artması, genişlənməsi, çoxalması, böyüməsi mənasındadır. Məsələn, bir uşağın və ya ağacın boyunun artması, böyüməsi buna sadə bir misaldır. Artım olaraq isə var olan miqdarın artması sayca çoxalmasıdır. Bu böyümə və ya artımda keyfiyyət prinsipi diqqətə alınmır. Məsələn uşaq böyüməklə, boyunun artması ilə eyni zamanda inkişaf da etməlidir. İnkişaf sadəcə boy artımı ilə deyil, digər orqanların da inkişafı ilə baş verməlidir. Eyni zamanda inkişaf sadəcə fiziki ölçülərlə deyil, zehnin inkişafı ilə də ölçülməlidir. Bir ağacın da boy atıb, qol budaqlanması meyvə ağacı olsa və bar verməsə sadəcə bir böyümədir, bir boy artımıdır, inkişaf deyil. İnkişaf isə termin olaraq daha kalitatif-keyfiyyət yönlü böyümə, irəliləmək, tərəqqidir. Bir uşağın sadəcə boy atması deyil, zehni və digər organlarla birlikdə böyüməsi, inkişafıdır. Eyni zamanda inkişaf sadəcə böyüyüb həddi buluğa çatma və ya yaşa dolma ilə tamamlanmır, bundan sonra da böyümə dursa da inkişaf gedir. İnkişaf insanın öz üzərində işləməsi ilə daimi xarakter alır.
İndi bu qısa və sadə izahatdan sonra iqtisadi artımla iqtisadi inkişafın fərqləri haqqında da bilgi və fikirlərimizi bölüşək istərdim. İqtisadi ədəbiyyatda bu anlayışlar haqqında 3 əsas fərqli görüş mövcuddur.
Birinci görüşə görə iqtisadi artım bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər. Bu zaman adambaşına düşən milli gəlir azalış göstərəcəkdir.
Bu görüşün əksikliyini təngid edən ikinci görüşə görə iqtisadi inkişaf isə daha çox fərdi bazda kalitatif-keyfiyyət baxımından müqayisəsi aparılan bir anlayışdır. Yuxarıda misal çəkdiyimiz ÜDM -iqtisadi artım, ÜDM/əhali sayı (Adam başına düşən ümumi daxili məhsul) isə iqtisadi inkişaf göstərgəsi bu görüş tərəfindən qəbul edilir. Ancaq eyni zamanda bu görüşdə həm ÜDM-də, həm də əhalidəki dəyişmələr də nəzərə alınır və buna görə mütləq və nisbi dəyişmələrlə də bu nisbət hesablanır. Təbii ki bu iki faktorun birində olan dəyişmə adambaşına gəlirdə də dəyişməyə səbəb olacaqdır. Əgər adambaşına düşən gəlirdə dəyişmə olmazsa yəni "0" olarsa bu durum iqtisadiyyatda stagnation-durğunluq, dəyişmə mənfi -azalma yönündə olarsa, reqression-geriləmə, müsbət-artım yönündə olarsa, pozitiv dəyər alarsa development-inkişaf kimi qəbul edilir. Burada bir önəmli məsələni də qeyd etməyi lazım bilirəm. Bu da ÜDM-nin Satınalma Gücü Paritesinə (GDP on a purchasing power parity) görə hesablanmasıdır ki bunu beynəlxalq qurumların ölkələr üzrə inkişaf göstərgələrində daha çox nəzərə alırlar və bu daha real bir göstərgədir.
Üçüncü bir görüş isə bu haqqında ümumiyyətlə ilk ikisindən fərqli olaraq sadəcə kantitativ-kəmiyyət göstərgələrindən yola çıxmaqla deyil, ümumiyyətlə iqtisadiyyatın strukturunda və müxtəlif sahələrdə baş verən irəliləyişin iqtisadi inkişafın göstəriciləri olaraq qəbul edir. Bu görüşün əsasını fransız iqtisadçısı Franchois Perroux qoymuşdur. Ona görə, iqtisadi artım real milli gəlirin müəyyən bir dövr içində düzənli dəyişməsidir. Bu adambaşına düşən ÜDM ilə də ölçüləbilər. İqtisadi inkişaf isə daha çox iqtisadiyyatın müxtəlif sahələrində və bütünündə struktural bazda olan dəyişikliklər, inkişafdır. İqtisadi inkişaf artım ilə birlikdə bu struktural dəyişiklikləri də özündə cəmləşdirir və buna görə də daha geniş bir anlayışdır.
Yuxarıdakı izahat nəticəsində qeyd edə bilərik ki, iqtisadi inkişaf iqtisadi artımdan daha geniş anlayışdır. Özündə həm kəmiyyət, həm də keyfiyyət baxımından dəyişiklikləri, inkişafı birləşdirir. İqtisadi inkişaf sadəcə müəyyən dövr içində əldə edilən ümumdaxili məhsulun artması demək deyil bu artımın iqtisadiyyatda və əhalinin rəfah səviyyəsindəki müsbət dəyişikliklərə təsirindən də ibarətdir. Ümumiyyətlə iqtisadi inkişaf davamlılıq xarakterdə olub, ən yaxşı iqtisadi strukturun əldə edilməsidir. İqtisadi inkişaf məqsədli iqtisadi siyasət aparılarsa, iqtisadi artım bu struktur dəyişiklərində əhəmiyyətli rol oynayar.
Müəllif: İqtisad üzrə fəlsəfə doktoru(PhD) - Cəbrayıl Vəliyev
Mənbə: http://www.jabrayilvaliyev.com/2013/01/iqtisadi-artm-v-iqtisdi-inkisaf.html