Rusiyanın böyük banklarına kriptovalyuta lisenziyaları verildi | Banco.az

Rusiyanın böyük banklarına kriptovalyuta lisenziyaları verildi

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiyanın iri bankları "Sber" və "VTB" kriptovalyuta bazarında fəaliyyət göstərmək üçün yeni hüquqi imkanlar əldə edib.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankı Sber və VTB-ni rəqəmsal aktivlərlə bağlı fəaliyyət göstərə bilən “rəqəmsal saxlama qurumları” reyestrinə daxil edib.

Bundan əlavə, "VTB" rəqəmsal valyutalarla ticarət edən təşkilatların reyestrinə də əlavə olunub. Bank ilin sonuna qədər daha geniş investor dairəsinə kriptovalyuta əməliyyatlarına çıxış təqdim etməyi planlaşdırır.

Rusiya Mərkəzi Bankının məlumatına görə, rəqəmsal saxlama qurumları kriptovalyutaların və rəqəmsal hüquqların qeydiyyatı, köçürülməsi və saxlanması ilə bağlı xidmətlər göstərə biləcək. Onlar həmçinin müştərilərə rəqəmsal aktivlərin saxlanıldığı ünvanlara çıxış imkanı yarada bilərlər.

"VTB" artıq korporativ müştəriləri üçün rəqəmsal valyuta ilə ilk əməliyyatlarını həyata keçirdiyini açıqlayıb. Sber isə ilk kriptovalyuta məhsullarını 1 dekabr 2026-cı ildə təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, Rusiyada “Rəqəmsal Valyutalar və Rəqəmsal Hüquqlar” haqqında qanun 1 sentyabr 2026-cı ildən qüvvəyə minib. Yeni qanun kriptovalyuta əməliyyatlarının birjalar, brokerlər, portfel menecerləri, kriptovalyuta ticarəti təşkilatları və rəqəmsal saxlama qurumları vasitəsilə həyata keçirilməsinə hüquqi çərçivə yaradıb.

Yeni qaydalara əsasən, ixrac və idxal şirkətlərinə də kriptovalyutalardan sərhədlərarası ödənişlərdə istifadə etmək imkanı verilib.