Çıxarışsız evlərin sənədləşdirilməsi niyə vacibdir? – AÇIQLAMA | Banco.az

Çıxarışsız evlərin sənədləşdirilməsi niyə vacibdir? – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Bakı və Abşeronda 100 minlərlə, hətta bəzi rəqəmlərə görə 500  minə yaxın çıxarış ala bilməyən fərdi ev və torpaq sahələri var. Bunların böyük bir hissəsi 90-cı illərdən daha əvvəl, digər hissəsi isə müstəqillik qazandığımız gündən bu günə qədər tikilib  çıxarışla təmin oluna bilməyən fərdi evlərdir”.

Bu açıqlamanı Banco.az-a əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, həmin evlərə çıxarışların verilməməsinin müxtəlif səbəbləri var:

“Birinci səbəb odur ki, bəzi tikilən evlərin üzərində olan torpaqlar yaşayış üçün deyil, kənd təsərrüfatı və yaxud digər təyinatlı torpaqlardır. Eyni zamanda həmin tikililərin bir çoxu normativlərə uyğun deyil, hətta bəziləri qadağan olunmuş ərazilərdə tikilib. Artıq vətəndaşlar həmin əmlaklarda uzun illərdir yaşayır və həmin əmlaklarda qaz, su, işıq bütün kommunikasiya xətləri çəkilib. 
Həmin çıxarış ala bilməyən fərdi həyət evləri massivlərinin içində orta məktəblər, uşaq bağçaları, poliklinikalar yerləşir, avtomobil yolları salınıb, küçə, mənzil ünvanları verilib. Bir sıra qurumlar həmin ərazini yaşayış məntəqələri ərazisi kimi tanısa da, evlərin çıxarışla təmin olunmasında çox ciddi maneələr və problemlər qalmaqdadır”. 

Ən sərfəli kredit üçün müraciət et

Elnur Fərzəliyev vurğulayıb ki, təkcə vətəndaş üçün mülkiyyət hüququnun formalaşması deyil, həmçinin dövlət büdcəsi də bu sahədən əldə edə biləcəyi gəlirlərdən məhrum olur:

“Ölkə rəhbəri dəfələrlə çıxışlarında qeyd edib ki, biz qeyri-neft sektorunu inkişaf etdirməliyik. Əmlak da qeyri-neft sektorunun ən aparıcı sahələrindən biridir. Əgər bu əmlaklar çıxarışlar verilsə, torpaq, əmlak vergisi alına bilər, hətta o evlər sığortalana, ipoteka predmetinə çevrilər. Çıxarışın olmaması səbəbindən dövlət artıq bu sahədən ala biləcək gəlirlərdən məhrum olur. Dəfələrlə bu sahədə müxtəlif monitorinqlər aparılsa da, hər hansısa bir proseslərin getdiyi qeyd edilsə də, təəssüflər olsun ki, gözlə görüləcək qədər iş aparılmayıb. Düşünürəm ki, bu sahədə olan çatışmazlıqlar aradan qaldırılarsa, vətəndaş məmnuniyyəti ilə yanaşı, dövlət büdcəsi  fayda görə bilər”.

Ən sərfəli krediti almaq üçün müraciət et