Bu ölkədə kiberhücum: 220 min istifadəçinin məlumatları sızdırıldı | Banco.az

Bu ölkədə kiberhücum: 220 min istifadəçinin məlumatları sızdırıldı

Müəllif:Mehin Qasımova,Banco.az

 Cənubi Koreyada plastik cərrahiyyə və estetik xidmətlər üzrə fəaliyyət göstərən “Gangnam Unni” platforması kiberhücuma məruz qalıb.

Banco.az xəbər verir ki, platformanı idarə edən "Healing Paper" şirkəti tətbiqin proqramlaşdırma interfeysində (API) qeyri-adi giriş aşkar edib.

Şirkətin açıqlamasına əsasən, kiberhücum nəticəsində müxtəlif ölkələrdən təxminən 220 min istifadəçi təsirlənib. Onların təxminən 160 mini Cənubi Koreyada, 48 mini isə Yaponiyada yaşayan istifadəçilərdir.

Məlumata görə, hücum nəticəsində istifadəçilərin adları, telefon nömrələri, elektron poçt ünvanları və doğum tarixləri kimi şəxsi məlumatlar ələ keçirilib.

Bununla yanaşı, hadisənin daha ciddi tərəfi istifadəçilərin tibbi-estetik xidmətlərlə bağlı həssas məlumatlarının da sızdırılmasıdır. Belə ki, məlumatlar arasında istifadəçilərin müraciət etmək istədikləri xidmətlərin adları, xəstəxana və həkimlərin məlumatları, görüş vaxtları, konsultasiya zamanı yüklənmiş fotoşəkillər və ödəniş məlumatlarının olduğu bildirilib.

"Healing Paper" şirkəti hücumdan təsirlənən giriş kanallarının dərhal bloklandığını açıqlayıb. Şirkət daha sonra müxtəlif giriş yollarından istifadə etməklə yeni hücum cəhdlərinin də aşkarlandığını bildirib.

Hadisə ilə bağlı Cənubi Koreyanın Koreya İnternet və Təhlükəsizlik Agentliyinə (KISA) məlumat verilib. Şirkət həmçinin qurumdan kiberhücumun araşdırılmasını tələb edib.