Yaşıl Marketinq nədir və necə həyata keçirilir? | Banco.az

Yaşıl Marketinq nədir və necə həyata keçirilir?

Dünya hər gün dəyişir. Rəqəmsallaşma ön plana çıxdıqdan sonra şirkətlər məhsullarını bazara çıxarmaq və geniş auditoriyaya çatdırmaq üçün müxtəlif marketinq üsullarından istifadə edirlər. Yaşıl marketinq də onlardan biridir.

Yaşıl Marketinq nədir?

Yaşıl marketinq istifadəçilərə ekoloji cəhətdən təmiz məhsul və xidmətlərin təqdim edilməsidir. Bu marketinq metodu ekoloji cəhətdən təmiz məhsul yaratmaq, ekoloji təmiz qablaşdırma və davamlı biznes təcrübələrindən istifadə etməklə modelləşdirilir. Bundan əlavə, təqdim olunan məhsul və xidmətlərdə davamlı olaraq təbiət haqqında mesajlar verilir.

Yaşıl marketinq həm istehlakçılarda, həm də şirkətlərdə ekoloji şüurun yaradılmasında son dərəcə vacibdir. Hər gün daha çox şirkətin bu sahədə fəaliyyət göstərməsi məsuliyyət şüurunun artdığını göstərir.

Yaşıl marketinq nələri əhatə edir?

Yaşıl marketinqdə məhsul və ya xidmətlərin ətraf mühit üçün heç bir risk yaratmadığı fikri önə sürülür. Yaşıl marketinqin xüsusiyyətlərini aşağıdakı kimi sadalaya bilərik:

  • Yaşıl marketinq strategiyaları davamlı olmalıdır
  • Davamlı qablaşdırma hər bir məhsul üçün nəzərdə tutulmalıdır
  • İstehlakçılar ekoloji maarifləndirmə haqqında məlumatlandırılmalıdırlar
  • Ətraf mühitə fayda verən məhsullar yaradılmalıdır
  • Məhsulun paylanması prosesində yaşıl prosedurlara əməl edilməlidir
  • Davamlılıq təşəbbüsləri üçün qeyri-kommersiya təşkilatlarına ianələr verilməlidir

İqlim dəyişikliyi və karbon emissiyaları səbəbinlə ətraf mühit hər gün çirklənir. Müəssisələr artıq məhsulun marketinqi prosseində, eyni zamanda da ətraf-mühit haqqında məlumatlılıq yaradırlar. Bu marketinqlə markanın ekoloji cəhətdən təmiz olması haqqında təsəvvür yaranır.

Yaşıl marketinq daha davamlı dünya üçün sosial hərəkatın bir hissəsidir. Son zamanlar istehlakçılar da şirkətlərin ətraf mühitə töhfə verməsini istəyirlər. Buna görə də, müəssisələr sorğulara cavab vermək üçün müxtəlif üsullar inkişaf etdirirlər. Məhsullarını bazara çıxararkən ekoloji şüurla hərəkət edən brendlər bu gün yaşıl marketinq taktikalarından istifadə edirlər.

Yaşıl marketinq üsulları hansılardır?

Yaşıl marketinq yanaşmasının əsasını ətraf mühitin mühafizəsi təşkil edir. Marketinq üsullarını aşağıdakı kimi sadalaya bilərik:

  • Ekoloji cəhətdən təmiz məhsul və qablaşdırma hazırlamaq,
  • Məhsulun davamlı olması,
  • Məhsulu bazara çıxararkən ətraf mühitə uyğun davranmaq,
  • Təkrar emalın mümkün olması,
  • Tullantıların atılması ilə bağlı təcrübələrin aparılması,
  • Enerji təchizatının ətraf mühitə uyğunluğu,

Yaşıl marketinq üsulları şirkətlərin vəziyyətindən asılı olaraq fərqlənə bilər. Burada əsas məqsəd şirkətlərin istehsaldan tutmuş satışa qədər hər zaman ekoloji cəhətdən təmiz fəaliyyət göstərməsidir.

Yaşıllaşdırma sistemində nələrə diqqət yetirilməlidir?

Yaşıl marketinqi düzgün istifadə edən şirkətlər xərcləri azaldır. Beləliklə, müştəri məmnuniyyəti də artır. Yaşıl marketinq strategiyaları düzgün və vaxtında həyata keçirilmədikdə istehlakçıların məhsulu rədd etməsi kimi problemlər yarana bilər.

"Greenwashing" kimi tanınan sistemdə şirkət ətraf mühitə uyğun olmayan məhsullardan istifadə edərək ətraf mühitə uyğun bir qavrayış yaratmağa çalışır. Bu cür əməliyyatlarda vəziyyət ortaya çıxarsa, şirkət öz reputasiyasını tamamilə itirmək riski ilə üzləşə bilər. Yaşıl marketinqdə ən vacib məsələlərdən biri sübut edilmiş, sertifikatlaşdırılmış, həqiqi yaşıl məhsul tətbiqlərinin həyata keçirilməsidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram