Almaniyada "Volkswagen" işçiləri tətilə hazırlaşırlar | Banco.az

Almaniyada "Volkswagen" işçiləri tətilə hazırlaşırlar

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" şirkətinin işçiləri rəhbərliyin kollektiv danışıqlarla bağlı mövqeyini dəyişməyəcəyi təqdirdə 2027-ci il yanvarın 1-dən etibarən tətilə başlayacaqları barədə xəbərdarlıq ediblər.

Banco.az xəbər verir ki, bu barədə IG Metall həmkarlar ittifaqının Aşağı Saksoniya üzrə regional rəhbəri və "Volkswagen" üzrə baş danışıqçı Torsten Gröger Hannoverdə keçirilən iclasdan sonra bildirib.

Onun sözlərinə görə, şirkət rəhbərliyi kollektiv danışıqları birtərəfli qaydada dayandırmaq qərarını gələn həftənin sonunadək dəyişməsə, "Volkswagen" zavodlarında genişmiqyaslı tətil aksiyaları başlaya bilər.

"Volkswagen" İş Şurasının rəhbəri Daniela Cavallo isə şirkətin xərclərin azaldılması planlarını tənqid edib. O, qənaət tədbirlərinin yükünün əsasən işçilərin üzərinə qoyulmamalı olduğunu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 30-da "Volkswagen" iqtisadi çətinliklər və xərclərin azaldılması tədbirləri çərçivəsində IG Metall həmkarlar ittifaqı ilə imzalanmış bir sıra daxili kollektiv müqavilələri birtərəfli qaydada ləğv etmək qərarını açıqlayıb. Bu qərar tərəflər arasında əmək münasibətlərində gərginliyi artırıb.