Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın çip istehsalçısı "Nvidia" şirkətinin baş direktoru Jensen Huang Qazaxıstanın enerji resursları və ixtisaslı işçi qüvvəsi sayəsində qlobal süni intellekt mərkəzlərindən birinə çevrilə biləcəyini bildirib.
Banco.az xəbər verir ki, Huang bu fikirləri Qazaxıstanın paytaxtı Astanada, Beynəlxalq Süni İntellekt Mərkəzi Alem.AI-də keçirilən tədbirdə səsləndirib.
Onun sözlərinə görə, süni intellektin inkişafı üçün enerji, məlumatlar və yüksək hesablama gücü mühüm əhəmiyyət daşıyır. Qazaxıstan mövcud resurslarından istifadə etməklə texnologiya sahəsində əlavə dəyər yarada və beynəlxalq bazarda mövqeyini gücləndirə bilər.
"Nvidia" rəhbəri vurğulayıb ki, ölkələr gələcəkdə yalnız enerji ixrac etməklə kifayətlənməyərək, enerji resurslarını süni intellekt hesablama gücünə çevirib bu imkanları da ixrac edə bilərlər.
Huang həmçinin ölkələrin öz məlumatlarını emal etməsinin vacibliyinə diqqət çəkib. O bildirib ki, məlumatlar cəmiyyətlərin mədəni irsini, tarixini və dəyərlərini əks etdirdiyindən strateji resurs kimi qiymətləndirilməlidir.
