Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünya bazarlarında qızılın qiyməti bir troya unsiyası üçün 4 880 ABŞ dollarını ötüb. Qızılın qiyməti son günlərdə ardıcıl olaraq artmağa davam edir. Qızıl daha da bahalaşacaqmı? Bunun Azərbaycan bazarına hansı təsirlər olacaq?
Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Banco.az-a danışıb:
"Dünya bazarında qızılın qiymətinin yüksəlməsi bir sıra həm siyasi, həm də iqtisadi faktorlara bağlıdır. Öncəliklə, geopolitik risklərin qızılı investorlar üçün etibarlı investisiya vasitəsinə çevirdiyini düşünürəm. Son günlər ABŞ-nin bəzi Avropa ölkələrinə tarif təhdidləri və artan geosiyasi gərginlik qlobal bazarlarda qeyri-müəyyənliyi gücləndirib. Qlobal iqtisadi qeyri-müəyyənlik artdıqca da investorlar riskli alətlərdən çıxaraq real aktivlərə yönəlirlər. Xüsusilə, beynəlxalq səhm bazarlarının dalğalanması və inflyasiya, investorları “təhlükəsiz liman” kimi qızılı seçməyə təşviq edir. Bu da təbii olaraq qiymətlərə əlavə təkan verir. Həmçinin də, dollar zəiflədikcə Mərkəzi Banklar qızıl ehtiyatlarını durmadan artırırlar. Xüsusilə, inkişaf edən ölkələrin bankları dollar asılılığını azaltmaq üçün qızıl alırlar, bu da fiziki tələbi artırır. Bütün bu gərginliklər fonunda qızılın unsiyası təxminən 4.666-4.689 ABŞ dollarına qədər yüksəlib".
İqtisadçı bildirib ki, dünya bazarında qızılın qiymətinin rekord səviyyəyə qədər yüksəlməsi Azərbaycan bazarına da birbaşa təsir göstərir: "Dünya bazarındakı artım fonunda yerli zərgərlik və investisiya məhsullarına tələb artmaqdadır. Hərçənd ki, ölkəmizdə insanlar daha çox dollara investisiya edirlər, lakin, qiymətli metal bazarlarına maraq artdıqca portfellərdə diversifikasiya da genişlənir. Hazırda ölkəmizdə 24 karat qızılın unsiyası təxminən 4.700 dolar təşkil edir. Qızılın bir unsiyasının qiyməti son həftə ərzində demək olar ki, 32.8 dollar artıb. 2026-cı ilin ilk yarısında qiymətlərin 5.050 dollar/unsiyaya qədər çıxma potensialı var.
Xarici mənbələrdə də, 2026-cı ilin sonuna doğru qiymətlərin daha yüksək səviyyələrə çıxma riskinin olduğu vurğulanır. Əlbətdə əgər geosiyasi risklər və maliyyə qeyri-müəyyənliyi davam edərsə. FED və digər mərkəzi bankların faiz siyasəti, dolların dəyəri və Mərkəzi Bankların qızıl alışı qiymət artımına təkan verən mühüm makroiqtisadi göstəricilərdir. Azərbaycan qızıl bazarı beynəlxalq trenddən çox sıx asılıdır. Dünyada bahalaşma davam edərsə bu, Azərbaycan bazarına təsirsiz ötüşməyəcək. Yəni, qısası, artım sürəti qlobal bazar trendinə bağlıdır".

Bizi sosial şəbəkələrdən izləyin!!
