Peşəkar idarəetmə qadın və ya kişi düşüncəsinə əsaslanmaldıırmı? | Banco.az

Peşəkar idarəetmə qadın və ya kişi düşüncəsinə əsaslanmaldıırmı?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyada qadınların idarəetmə bacarıqları ilə bağlı baxışlar müxtəlifdir və bu məsələyə yanaşmalar ölkələrdən və mədəniyyətlərdən asılı olaraq dəyişir.

Lakin ümumi tendensiya göstərir ki, qadın idarəçilər haqqında stereotiplər və cinsiyyətə əsaslanan düşüncələr hələ də mövcuddur, amma bununla yanaşı, qadınların idarəetmədəki rolunun və bacarıqlarının qiymətləndirilməsi yönündə müsbət dəyişikliklər də baş verməkdədir.

Banco.az xəbər verir ki, bu  barədə biznes konsultantı Anar Bayramov fikirlərini bölüşüb. O bildirib ki, idarəetməni ciddi bir peşə kimi qiymətləndirərək, onun alətləri, texnikaları, qaydaları və prinsiplərinin olduğunu anlamalıyıq. Bayramov hesab edir ki, bu qaydaları öyrənmədən, sadəcə təbii emosional vəziyyətləri ilə idarə etməyə çalışan şəxslərdə müəyyən problemlər yaranması mümkündür:

“Bizdə idarəetməni çox adam öyrənmir, təbii halları ilə idarəetməyə başlayırlar. Kimin xasiyyəti necədirsə, o formada da idarə etməyə çalışır. Amma peşəkar idarəetməni öyrənən zaman necə idarə etmək lazım olduğunu bilirlər. Qadın da idarəetmə qaydalarını öyrənmədən təbii halı ilə idarəetməyə başlasa, müəyyən problemlər ola bilər.”

Beynəlxalq müstəvidə qadın idarəçilər, cinsiyyətə görə ayrı-seçkilik və stereotiplərdən təsirlənə bilərlər. Son illərdə dünyada qadınların idarəetmə sahəsində daha çox yer tutması müşahidə olunur. Beynəlxalq təşkilatlar, şirkətlər və hökumətlər qadınların liderlik mövqelərində daha çox iştirakını dəstəkləyir və gender bərabərliyini təşviq edir. Qlobal səviyyədə bir çox təşkilat, qadınların rəhbərlik mövqelərində daha çox iştirak etmələri üçün müvafiq təlimlər və proqramlar həyata keçirir.

Qeyd edək ki, Azərbaycanda 2012-ci ildən etibarən qadın sahibkarların sayında 4 dəfəyədək artım müşahidə olunur.  Hazırda ümumi sahibkarlar arasında qadınların payı 22.7% təşkil edir. 2020-ci ildə qadınların orta əməkhaqqı kişilərin orta əməkhaqqının 63.3%-ni təşkil edirdisə, 2021-ci ildə 64.8% və 2022-ci ildə 67.1%-ni təşkil edib.