Müəllif:Mehin Qasımova,Banco.az
Fransada etirazlar və mağazalara hücumlar lüks brendlərin Parisdəki fəaliyyətinə təsir göstərib.
"Louis Vuitton" və "Christian Dior" kimi markalar mümkün hücumlardan qorunmaq üçün mağazalarının vitrinlərini metal pərdələrlə mühafizə etməyə başlayıblar. Yeni etiraz çağırışları fonunda pərakəndə satış və turizm sektorunda narahatlıq artır.
Banco.az xəbər verir ki,baş verən hadisələr zamanı bir sıra mağazalar zərər görsə də, "Şanzelize" küçəsindəki "Louis Vuitton" və "Monten" prospektindəki "Christian Dior" mağazalarında ciddi ziyan qeydə alınmayıb.
Bununla belə, "Burberry", "Dior" ətirləri, "Guerlain" və "Salomon" mağazalarının bir qismi talan və dağıntılar səbəbindən fəaliyyət göstərməyib. Hermès-in Parisdəki mağazasının vitrinlərinin sındırıldığı, Marseldəki mağazasının isə yaxın zamanda yenidən açılmayacağı bildirilib.
Məlumata görə, ötən şənbə Fransada keçirilən etiraz aksiyalarında 500 mindən çox insan iştirak edib. Gecə saatlarında gərginliyin artması nəticəsində yüzlərlə mağazaya hücum olunub, vitrinlər sındırılıb, avadanlıqlar dağıdılıb və mallar oğurlanıb.
Bazar ertəsi tətbiq edilən komendant saatı və nəqliyyat məhdudiyyətlərindən sonra insidentlərin azaldığı bildirilsə də, şənbə günü üçün yeni etiraz çağırışları davam edib. Fransa hökuməti qarşıdakı aksiyalarla bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyə hazırlaşır.
Etirazların iqtisadi nəticələri pərakəndə satış sektorunda da hiss olunur. "Carrefour" şirkəti təxminən 50 mağazasının talan edildiyini və ya zərər gördüyünü açıqlayıb. Şirkətin xəbərdarlığına görə, təhlükəsizlik və logistika xərclərinin artması, eləcə də istehlakçı inamının zəifləməsi gəlirliliyə 200 milyon avroyadək mənfi təsir göstərə bilər.
Geyim pərakəndə satış şəbəkəsi "Etam" isə həftəsonu hadisələri səbəbindən təxminən 1 milyon avro satış itkisi yaşadığını bildirib. Şirkət oğurlanan malların və mağazalara dəyən ziyanın ümumi dəyərini 500 min avro qiymətləndirib.
Parisdə baş verən hadisələrin lüks otellərdə rezervasiyaların ləğvinə səbəb olduğu bildirilir. Gərginliyin davam etməsi xüsusilə xarici turistlərin lüks mağazalarda xərclərini azaltmasına və turizm sektorunda itkilərin artmasına gətirib çıxara bilər.
Təhlükəsizliklə bağlı narahatlıqlar mədəni və idman tədbirlərinin proqramına da təsir edib. Hadisələrin davam etməsi pərakəndə satış, turizm və əyləncə sektorlarında iqtisadi itkiləri daha da artıra bilər.
