“Microsoft” korporasiyası “bulud” texnologiyalarına yönəlməsi ilə əlaqədar satış üzrə bölmələrində kütləvi ixtisarlar aparacaq.
“France Presse” agentliyinin verdiyi məlumata görə, siyasətin dəyişməsi minlərlə insanın işdən çıxarılmasına səbəb ola bilər.
“Microsoft”dan bildiriblər ki, dəyişikliklərə az qalıb: “Biz müştərilərimizə və tərəfdaşlarımıza daha yaxşı xidmət göstərmək üçün işimizə dəyişiklik edirik”.
Xəbər verilir ki, “Microsoft”un baş direktoru Satya Nadella şirkətin proqram təminatına oriyentasiyasını azaldaraq onu “bulud” texnologiyaları və kommersiya xidmətləri istiqamətinə yönləndirmək niyyətindədir.
Qeyd edək ki, “Microsoft”un bulud texnologiyaları sahəsində ixtisaslaşmış bölməsi 2016-2017-ci maliyyə ilinin ilk yarısında uğurlu nəticə göstərib. Bu bölmə üzrə gəlirlər 8% artaraq 6,9 milyard dollar təşkil edib.
Xatırladaq ki, “Microsoft Corp” 1975-ci ildə Bill Geyts və Pol Allen tərəfindən yaradılıb.
lent.az