Mərkəzi banklar üçün 50 milyard avroluq imkan: yeni mexanizm necə işləyir? | Banco.az

Mərkəzi banklar üçün 50 milyard avroluq imkan: yeni mexanizm necə işləyir?

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa Mərkəzi Bankının (AMB) avronun beynəlxalq istifadəsini genişləndirmək məqsədilə yaratdığı likvidlik mexanizminə son altı ayda 30-dan çox mərkəzi bank maraq göstərib.

Banco.az xəbər verir ki, AMB İdarə Heyətinin üzvü Filip Leyn uyğun mərkəzi bankların yeni mexanizm çərçivəsində 50 milyard avroya qədər qısamüddətli maliyyələşmə əldə edə biləcəyini bildirib.

EUREP adlanan mexanizm maliyyə bazarlarında likvidlik çatışmazlığı yarandıqda Avrozonadan kənarda fəaliyyət göstərən mərkəzi banklara avro ilə maliyyələşmə imkanı verməyi nəzərdə tutur. Bunun üçün müraciət edən qurumlar müəyyən edilmiş tələblərə cavab verən, avro ilə ifadə olunmuş qiymətli kağızları girov qoymalıdırlar.

Maliyyələşmə bir gündən bir həftəyədək müddətə təqdim oluna, zərurət yarandıqda isə yenilənə bilər. Mexanizm əsasən maliyyə gərginliyi dövrlərində alternativ likvidlik mənbəyi kimi nəzərdə tutulub.

AMB-nin bu addımı avronun beynəlxalq maliyyə sistemində rolunu gücləndirmək səylərinin bir hissəsi hesab olunur. Mexanizmin xarici mərkəzi banklara avro ilə ifadə olunmuş istiqrazları daha çevik idarə etmək imkanı verməsi həmin aktivlərə marağı da artıra bilər.

Bununla belə, 30-dan çox mərkəzi bankın mexanizmə maraq göstərməsi onların hamısının sistemə qəbul edildiyi və ya artıq maliyyələşmə əldə etdiyi demək deyil. AMB maraqlı qurumların adlarını açıqlamayıb.

Yeni mexanizm dolların qlobal maliyyə sistemindəki mövqeyini qısa müddətdə dəyişdirməkdən daha çox, avronun beynəlxalq ticarətdə, maliyyələşmədə və ehtiyatların idarə olunmasında istifadəsini genişləndirməyi hədəfləyir.