Ən yüksək xərçəng riski olan peşələr açıqlanıb | Banco.az

Ən yüksək xərçəng riski olan peşələr açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Milyonlarla insanın məlumatlarının təhlil edildiyi genişmiqyaslı araşdırma peşələr üzrə radiasiya ilə əlaqəli xərçəng riskində diqqətçəkən nəticələr ortaya çıxarıb.

Banco.az xəbər verir ki, araşdırmaya görə, ən yüksək risk stüardessalarda, ikinci yerdə isə pilotlarda müşahidə edilib.

JAMA Internal Medicine jurnalında dərc olunan araşdırmada ABŞ Milli Həyati Statistika Sisteminin 2020–2024-cü illər üzrə məlumatlarından istifadə olunub. Tədqiqatçılar 503 müxtəlif peşədə çalışan və vəfat edən təxminən 12,7 milyon insanın ölüm şəhadətnamələrini araşdıraraq xərçəng hallarını müqayisə ediblər.

Nəticələrə görə, stüardessalarda radiasiya ilə əlaqəli xərçəng riski digər peşə qrupları ilə müqayisədə 50%, pilotlarda isə 36% daha yüksək olub.

Yüksək hündürlükdə atmosferin qoruyucu təsiri azaldığından uçuş heyəti kosmosdan gələn yüksək enerjili hissəciklərə daha çox məruz qalır. Xüsusilə qütblərə yaxın marşrutlarda uçuşlar radiasiya dozasını artıra bilər.

Tədqiqatçılar artan riskin yalnız kosmik radiasiya ilə bağlı olduğunu deməyin mümkün olmadığını bildirirlər. Ultrabənövşəyi şüalar, uzun iş saatları, gecə uçuşları, dəyişkən növbələr və yuxu pozuntuları da sağlamlığa təsir edə bilər.

Mütəxəssislər uçuş heyətinin radiasiyaya məruz qalmasının izlənilməsini, müntəzəm sağlamlıq və dəri müayinələrinin aparılmasını və peşə radiasiyası üzrə limitlərin yenidən qiymətləndirilməsini tövsiyə edirlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram