Vergilər Nazirliyi “DHL Forwarding Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb. “APA-Economics” xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alıb.
Şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Türkiyə Respublikası vətəndaşı İnanc Behcet Keremdir. Şirkət DHL-in törəməsidir.
Qeyd edək ki, Almaniyanın DHL şirkəti dünya logistik bazarının liderlərindən sayılır. Şirkət dünyanın 200 ölkəsində 120 min şəhərə yüklər çatdırır. Şirkətin dünyada 5 mindən artıq ofisi mövcuddur, burada çalışan əməkdaşların sayı 300 minə yaxındır.
Cari ilin may ayında İstanbulda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti DHL şirkətinin nümayəndələri ilə görüşüb. DHL-in Şərqi Avropa üzrə baş icraçı direktoru Kərəm İnancla birgə keçirilən görüşdə tərəflər gələcəkdə Azərbaycanda iri logistik paylayıcı mərkəzin - “hab”ın yaradılması haqda razılığa gəliblər. Həmin “hab” vasitəsi ilə, Çindən gələn yüklərin, burada cəmləşərək, sonradan Türkiyə, Avropa, Rusiya və ətraf ölkələrə paylanacağı planlaşdırılır.
Mənbə: Apa.az