Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
Borc öhdəliklərini vaxtında yerinə yetirməkdə çətinlik çəkən bəzi şəxslər mövcud krediti bağlamaq üçün yeni kredit götürməyə üstünlük verirlər. İlk baxışda bu addım maliyyə yükünü azaltmaq və ödənişləri qaydaya salmaq üçün çıxış yolu kimi görünə bilər. Lakin yeni borcun şərtləri, faiz dərəcəsi və aylıq ödəniş məbləği düzgün hesablanmadıqda, bu üsul şəxsin maliyyə vəziyyətini daha da çətinləşdirə bilər. Borcların bir kredit altında birləşdirilməsi hansı hallarda sərfəlidir və bu addım nə zaman borc yükünün artmasına səbəb olur?
Borcu borcla bağlamaq nə dərəcədə düzgün maliyyə qərarıdır və hansı hallarda bu addım insanı daha böyük borc yükü ilə üz-üzə qoya bilər?
İqtisadçı Elşən Bağırzadə Banco.az-a bildirir ki, borcu yeni kredit hesabına bağlamaq müəyyən hallarda sərfəli ola bilər.
“Əgər yeni kreditin effektiv faiz dərəcəsi, yəni faiz və əlavə xərclər nəzərə alınmaqla real dəyəri daha aşağıdırsa, bu addım borc yükünü azalda bilər. Xüsusilə bir neçə yüksək faizli kreditin daha əlverişli şərtlərlə birləşdirilməsi borcların idarə edilməsini asanlaşdırır.
Lakin aylıq ödənişin azalması heç də borcun ucuzlaşması demək deyil. Məsələn, kreditin müddəti uzadıldıqda aylıq ödəniş azalsa da, yekunda ödənilən ümumi məbləğ arta bilər.
Bu baxımdan qərar verməzdən əvvəl üç əsas məqam qiymətləndirilməlidir: yeni kreditin ümumi xərci əvvəlkindən azdırmı, aylıq ödəniş gəlirlərə uyğundurmu və kredit müddətinin uzadılması əlavə maliyyə yükü yaradırmı? Məsələn, mövcud borclar üzrə qalan ümumi ödəniş 12 min manat olduğu halda, yeni kredit üzrə 15 min manat ödəniləcəksə, aylıq ödənişin azalmasına baxmayaraq, şəxs əlavə 3 min manat xərcə düşəcək”.
“Ən böyük təhlükə isə borcu bağlamaq üçün davamlı olaraq yeni kredit götürülməsidir. Əgər şəxsin gəlirləri gündəlik xərclərini və kredit öhdəliklərini qarşılamağa kifayət etmirsə, yeni borc problemi həll etmir, sadəcə təxirə salır və borc tələsi riskini artırır.
Ona görə də əsas meyar yeni kreditin aylıq ödənişi azaltması deyil, ümumi maliyyə yükünü yüngülləşdirməsi və borcalanın ödəmə qabiliyyətini yaxşılaşdırması olmalıdır” – deyə iqtisadçı əlavə edib.
