Müəllif: Gülnar Əhmədli, Banco.az
Turizm sektoru qlobal siyasi və iqtisadi proseslərə ən həssas sahələrdən biridir. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr, hava məkanındakı məhdudiyyətlər və iqtisadi çətinliklər beynəlxalq səyahətlərə birbaşa təsir göstərir.
Bu amillər Azərbaycana gələn turistlərin sayında da özünü büruzə verib. Mövzu ilə bağlı turizm məsələləri üzrə ekspert Rəhman Quliyev Banco.az-a bildirib ki, ilin ilk aylarında Azərbaycana gələn turistlərin sayında azalma müşahidə olundu:
"Bunun əsas səbəbi isə Azərbaycanla bağlı deyil, dünyada baş verən geosiyasi proseslər idi. Xüsusilə Körfəz ölkələrində yaşanan gərginlik və müharibə həmin regiondan Azərbaycana həyata keçirilən aviareyslərin sayını kəskin azaltdı ki, bu da turist axınına ciddi mənfi təsir göstərdi.
Müharibədən əvvəl Körfəz ölkələri Azərbaycana ən çox turist göndərən bazarlardan biri idi. Lakin hava limanlarının fəaliyyətinin məhdudlaşdırılması, uçuşların təxirə salınması və hava məkanının qismən bağlanması həmin ölkələrdən turist səfərlərini əhəmiyyətli dərəcədə azaltdı.
Bununla yanaşı, Asiya ölkələrindən Azərbaycana gələn reyslərin böyük hissəsi Körfəz ölkələrinin hava məkanından keçirdi. Hava məkanındakı məhdudiyyətlər səbəbindən marşrutlar uzanıb, əvvəllər 3-4 saat davam edən uçuşlar indi 7-8 saata qədər çəkir. Bu isə aviaşirkətlərin xərclərini və nəticədə aviabiletlərin qiymətini artırır. Bahalaşan biletlər də turist səfərlərinin azalmasına səbəb olur".
Ekspert qeyd edib ki, digər mühüm amil isə qlobal iqtisadi vəziyyətdir: "Dünyanın bir çox ölkəsində iqtisadi çətinliklər insanların səyahət imkanlarını məhdudlaşdırır. İqtisadi vəziyyəti zəifləyən ölkələrin vətəndaşlarının turist kimi xaricə səfər etməsi də azalır. Buna görə də Azərbaycana gələn turist sayındakı eniş müəyyən mənada qaçılmaz idi.
Azərbaycan isə təhlükəsiz və etibarlı turizm istiqaməti olaraq qalır. Dövlət Turizm Agentliyi, Dövlət Turizm Bürosu və yerli turizm şirkətləri ölkəyə turist cəlb etmək üçün əvvəlkindən daha fəal çalışırlar. Lakin turist göndərən ölkələrdə həm iqtisadi, həm də geosiyasi problemlər davam etdikcə, bunun Azərbaycana gələn turist axınına təsir göstərməsi qaçılmazdır".
Bizi sosial şəbəkələrdən izləyin!!
