Avropa rəqəmsal avroya doğru irəliləyir: Yeni ödəniş sistemi nə vəd edir? | Banco.az

Avropa rəqəmsal avroya doğru irəliləyir: Yeni ödəniş sistemi nə vəd edir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kriptovalyutaların gündəlik ödənişlərdə geniş istifadə olunacağı gözləntilərinə baxmayaraq, insanların əksəriyyəti hələ də alış-veriş zamanı nağd pul və ya bank kartlarından istifadə edir. Bunun əsas səbəblərindən biri Bitcoin kimi kriptovalyutaların qiymətindəki yüksək dəyişkənlikdir. Bu səbəbdən Avropa Mərkəzi Bankı sabit dəyərə malik rəqəmsal avro layihəsini həyata keçirməyə hazırlaşır.

Banco.az xəbər verir ki, Avropa Parlamenti rəqəmsal avronun hüquqi bazasının hazırlanması üçün Aİ ölkələri ilə danışıqlara başlanmasına razılıq verib. Layihənin məqsədi nağd avronu əvəz etmək deyil, onu tamamlayaraq mağazalarda, internetdə və şəxslər arasında təhlükəsiz rəqəmsal ödəniş imkanı yaratmaqdır.

ABŞ ödəniş sistemlərindən asılılığı azaltmaq hədəfi

Hazırda Avropadakı ödəniş sistemləri Visa, Mastercard ABŞ şirkətlərinə məxsusdur. Rəqəmsal avro ilə Avropa bu asılılığı azaltmağı, ödəniş infrastrukturunda daha çox müstəqillik əldə etməyi və pul siyasəti üzərində nəzarəti gücləndirməyi hədəfləyir.

Eyni zamanda Çin də rəqəmsal yuan layihəsini sürətlə inkişaf etdirir. Ölkədə artıq 230 milyondan çox fərdi, təxminən 18,8 milyon isə biznes rəqəmsal cüzdanı yaradılıb.

Banklar və məxfiliklə bağlı narahatlıqlar

Rəqəmsal avronun banklardan kütləvi əmanət çıxışına səbəb olmaması üçün Avropa Mərkəzi Bankı bir sıra məhdudiyyətlər planlaşdırır. Müzakirə olunan variantlardan biri rəqəmsal avro balansına 3 min avroluq limit tətbiq edilməsidir. Bu məbləği aşan vəsait avtomatik olaraq bank hesabına yönləndiriləcək. Bundan əlavə, rəqəmsal avroya faiz hesablanmayacaq və şirkətlərin böyük məbləğdə rəqəmsal avro saxlamasına icazə verilməyəcək.

Digər əsas müzakirə mövzusu isə məxfilikdir. Bəzi tənqidçilər dövlətin maliyyə əməliyyatlarını izləyə biləcəyindən narahatdır. Avropa Mərkəzi Bankı isə bildirir ki, sistem istifadəçilərin məxfiliyini qoruyacaq, eyni zamanda çirkli pulların yuyulmasına qarşı beynəlxalq tələblərə uyğun fəaliyyət göstərəcək.

Biznes üçün daha ucuz ödənişlər

Hazırda kartla ödənişlər zamanı müəssisələr hər əməliyyat üçün təxminən 0,5-1,5% komissiya ödəyirlər. Rəqəmsal avronun bu xərcləri azaltması gözlənilir. Bununla belə, banklar mövcud komissiya gəlirlərinin azalacağından narahat olduqları üçün yeni sistemdə ədalətli gəlir modelinin yaradılmasını tələb edirlər.

İstifadəyə nə vaxt veriləcək?

Aİ rəqəmsal avroya qanuni ödəniş vasitəsi statusu verməyi planlaşdırır. Layihəyə əsasən, ödəniş terminalı olan bütün müəssisələr rəqəmsal avronu qəbul etməli olacaq və istehlakçılardan əlavə komissiya tutulmayacaq. Sistem internet olmadıqda və ya elektrik kəsildiyi hallarda da işləyə biləcək.

Hazırda layihə üzrə qanunvericilik üzərində iş davam edir. Pilot proqramın 2027-ci ildə, rəqəmsal avronun tam tətbiqinin isə 2029-cu ildə başlaması planlaşdırılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram