Müəllif:Mehin Qasımova,Banco.az
"Amazon" gələn il Almaniyada süni intellekt infrastrukturu, peyk interneti, logistika şəbəkəsi və Prime Video məzmununun inkişafına 16 milyard avrodan çox investisiya yatırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, şirkət investisiyanın 4,8 milyard avrosunu Almaniyada bulud hesablama xidmətlərinin və məlumat mərkəzlərinin gücləndirilməsinə yönəldəcək. Bu addım süni intellekt xidmətlərinə artan tələbatın qarşılanmasına xidmət edəcək.
"Amazon" həmçinin aşağı Yer orbitindəki peyklər vasitəsilə yüksək sürətli internet xidmətlərini inkişaf etdirməyi, logistika şəbəkəsini genişləndirməyi və Prime Video platforması üçün yeni məzmun istehsalını dəstəkləməyi nəzərdə tutur.
Şirkətin qlobal işlər və hüquqi məsələlər üzrə baş direktoru Devid Zapolski Almaniyanın Avropada investisiya yatırmaq üçün ən cəlbedici ölkələrdən biri olduğunu bildirib.
ABŞ-ın iri texnologiya şirkətləri son dövrlərdə Avropada məlumat mərkəzləri, bulud hesablama və süni intellekt infrastrukturu sahələrinə milyardlarla avro və dollar həcmində investisiyalar yatırırlar.
Qeyd edək ki, "Amazon" daha əvvəl İspaniyada bulud hesablama və məlumat mərkəzi infrastrukturunun inkişafı üçün 2035-ci ilədək 33,7 milyard avro investisiya yatıracağını açıqlayıb.
