Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Maliyyə Nazirliyi İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq məqsədilə 16 şəxs və 10 qurumu sanksiya siyahısına əlavə edib.
Banco.az xəbər verir ki, oktyabrın 15-də elan edilən sanksiyalar “İqtisadi Təcrid Əməliyyatı” çərçivəsində İranın beynəlxalq maliyyə sisteminə çıxış əldə etmək cəhdlərini hədəf alır.
Yeni məhdudiyyətlərə İraqda fəaliyyət göstərən Beynəlxalq İnvestisiya və Maliyyə İnkişaf Bankı (İİB) da daxil edilib. ABŞ tərəfi bankı İrana maliyyə vasitəçiliyi xidmətləri göstərməkdə və ölkənin ABŞ dollarına çıxışını asanlaşdırmaqda ittiham edir.
Sanksiyalar İranın neft satışından əldə etdiyi gəlirlərin ölkəyə köçürülməsində istifadə olunan maliyyə şəbəkələrini də əhatə edir. ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, İran sanksiyalardan yayınmaq, gəlirlərini idarə etmək və beynəlxalq pul köçürmələrini həyata keçirmək üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən kölgə bank şəbəkələrindən istifadə edir.
Bundan əlavə, ABŞ Dövlət Departamenti Kubanın Banco Internacional de Comercio SA (BICSA) bankını da sanksiya siyahısına daxil edib. Bildirilir ki, bank ABŞ-ın sanksiyaları altında olan İranın Karafarin Bankına xidmət göstərib.
ABŞ Maliyyə Nazirliyi, həmçinin, Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsinin (FinCEN) İran hökumətinin dini yardım şəbəkələrindən mümkün sui-istifadəsi ilə bağlı xəbərdarlıq yaydığını açıqlayıb. Maliyyə qurumlarından bu şəbəkələrlə əlaqəli ola biləcək şübhəli əməliyyatlar barədə aidiyyəti orqanlara məlumat vermələri istənilib.
