Tramp Zelenskiyə Rusiyanın dizel infrastrukturuna zərbə endirməyi dayandırmağı tapşırdı | Banco.az

Tramp Zelenskiyə Rusiyanın dizel infrastrukturuna zərbə endirməyi dayandırmağı tapşırdı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyadakı dizel yanacağı zavodlarına hücumları dayandırmağa çağırıb.

Banco.az xəbər verir ki, Tramp bu barədə  jurnalistlərə açıqlamasında bildirib.

ABŞ prezidenti qeyd edib ki, Ukraynanın son vaxtlar Rusiyanın neft emalı və yanacaq zavodlarına həyata keçirdiyi uzaqmənzilli pilotsuz uçuş aparatları ilə hücumlar yanacaq istehsalının azalmasına və çatışmazlığa səbəb olur.

Tramp bildirib ki, bu məsələni Ukrayna Prezidenti Volodimir Zelenski ilə də müzakirə edib.

“Cənab Zelenskinin etməsi lazım olan yalnız bir şey var: o, Rusiyadakı dizel yanacağı zavodlarını bombalamağı dayandırmalıdır. Biz Zelenski ilə bu barədə danışdıq. Bombalana biləcək bir çox başqa hədəflər də var. Dizel yanacağını hədəfə almayın. Bu, dünyaya zərər verir”, - deyə Tramp bildirib.

ABŞ prezidenti həmçinin qlobal yanacaq bazarında yaranan çatışmazlığın Yaxın Şərqdəki hərbi gərginliklə əlaqəli olmadığını iddia edib.

Onun sözlərinə görə, qlobal bazardakı yanacaq çatışmazlığı Rusiya və Ukrayna arasında davam edən qarşıdurma ilə bağlıdır.

Trampın açıqlamaları Rusiya və Ukraynanın qarşılıqlı şəkildə bir-birinin enerji infrastrukturunu hədəf aldığı bir dövrə təsadüf edib.

Qeyd edək ki, Trampın bu çağırışına Ukrayna hökuməti tərəfindən hələlik rəsmi münasibət bildirilməyib.