Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp dizel yanacağının bahalaşması fonunda vergidən azad “qırmızı dizel” yanacağından istifadəyə qoyulan məhdudiyyətləri müvəqqəti yumşaldıb.
Banco.az xəbər verir ki, Tramp oktyabrın 5-də Nebraskada keçirilən mitinq zamanı bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, adətən kənd təsərrüfatı, tikinti və digər yolsuzluq məqsədləri üçün istifadə olunan vergidən azad “qırmızı dizel” yanacağının magistral yollarda istifadəsinə müvəqqəti icazə verilir.
“Qırmızı dizel” adi dizellə kimyəvi baxımdan eynidir, lakin vergidən azad olduğunu göstərmək üçün qırmızı rəngə boyanır. İndiyədək bu yanacaq əsasən kənd təsərrüfatı texnikası, tikinti avadanlıqları və digər yolsuzluq vasitələrində istifadə olunurdu.
Sərəncam çərçivəsində federal dizel yanacağı vergisinin ödənilməsi 2026-cı ilin sonunadək təxirə salınır. Bu müddətdə müəyyən hallarda vergi və cərimələrin tətbiqindən azadolma nəzərdə tutulur. ABŞ administrasiyası həmçinin təxirə salınmış vergi öhdəliklərinin tamamilə aradan qaldırılması imkanlarını araşdıracaq.
Ağ Ev bildirib ki, tədbirin məqsədi artan yanacaq qiymətləri fonunda fermerlərə, yükdaşıyıcılara və digər istehlakçılara dəstək göstərməkdir. ABŞ-da federal dizel vergisi hər gallon üçün 24,4 sent təşkil edir.
Qeyd edək ki, ABŞ-da dizel yanacağının qiyməti son dövrdə rekord səviyyələrə yüksəlib. Məlumata görə, qiymət bir gallon üçün 6,50 dolları ötüb.
