Texnologiya sektoru bu il milyarderlər siyahısında yeganə qazanan sahə olub | Banco.az

Texnologiya sektoru bu il milyarderlər siyahısında yeganə qazanan sahə olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Texnologiya sektoru bu il milyarderlər siyahısında yeganə qazanan sahə olub.

Banco.az xəbər verir ki, “Bloomberg Milyarderlər İndeksi”nin məlumatına görə, dünyanın ən varlı 500 nəfəri arasında yer alan təxminən 100 texnologiya milyarderi ilin əvvəlindən sentyabrın 30-dək ümumilikdə 845 milyard dollar sərvət artımı əldə edib. Bu, ilin ilk doqquz ayı üzrə indiyədək qeydə alınan ən böyük artım olub.

Bu yüksəlişə təkan verən amillər qlobal bazarlara istiqamət verən əsas qüvvələrlə eyni olub: süni intellekt bumu və xüsusilə ABŞ-də sürətlə bahalaşan texnologiya şirkətlərinin səhmləri. Texnologiya milyarderlərinin ümumi sərvəti hazırda 4,6 trilyon dollara çatıb. Onlar indeksə daxil olan milyarderlərin yalnız beşdə birini təşkil etsələr də, indeksdəki ümumi sərvətin 36 faizinə sahibdirlər.

Fərq olduqca nəzərəçarpandır. Sərvətlərini texnologiyadan kənar sahələrdə əldə edən milyarderlər bu dövrdə ümumilikdə 62 milyard dollar itiriblər. İndeks üzrə xalis sərvət artımının 94 faizi isə amerikalı milyarderlərin payına düşüb. Sentyabrın 10-dan etibarən dünyanın ən varlı 10 nəfərinin hamısı ABŞ vətəndaşıdır. Bu, “Bloomberg”in 2012-ci ildə milyarderləri izləməyə başlamasından bəri ilk dəfə baş verir.

Dünyanın ən varlı insanı İlon Mask bu ilin sentyabr ayının sonuna qədər sərvətinə 310 milyard dollar əlavə edib. Bu məbləğ indeks üzrə ümumi artımın təxminən 40 faizinə bərabərdir.

Dünyanın ən varlı 10 nəfərindən doqquzu sərvətlərini ABŞ texnologiya şirkətləri hesabına əldə edib. “Dell Technologies” şirkətinin təsisçisi Maykl Dell şirkətin məlumat mərkəzlərinə satışlarının sürətlə artması fonunda sərvətini 81 faiz artıraraq 254 milyard dollara çatdırıb.

Mark Zukerberq isə yeni şəxsi süni intellekt köməkçisi “Muse”un istifadəyə verilməsindən sonra “Meta Platforms” səhmlərinin sentyabr ayında təxminən son dörd ilin ən yüksək göstəricisini qeydə alaraq 81 faiz bahalaşması nəticəsində bu il xalis sərvətinə 23 milyard dollar əlavə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram