Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır | Banco.az

Tənəffüs sisteminin funksional diaqnostikası icbari tibb sığorta ilə qarşılanır

Spirometriya - ağciyərlərin funksional vəziyyətini qiymətləndirməyə imkan verən müayinə metodudur. Müayinə icbari tibbi sığorta ilə qarşılanır və spirometr adlanan cihazla sadəcə nəfəs alıb verməklə həyata keçirilir.

Spirometriya davamlı təngnəfəslik, öskürək, bəlğəm ifrazı kimi respirator simptomlar olduqda, həmçinin siqaret çəkən şəxslərdə, ağciyərlərin funksiyasını qiymətləndirmək məqsədi ilə həkim tərəfindən təyin olunur.

Bu müayinə üsulu bronxial astma, kistoz fibroz, xroniki obstruktiv ağciyər xəstəliyi və ağciyər fibrozu kimi xəstəliklərə diaqnoz qoymağa kömək edir. Diaqnozu təsdiqlənmiş pasiyentlərdə tənəffüs yollarının obstruksiyasının ağırlıq dərəcəsini qiymətləndirmək, müalicənin effektivliyini öyrənmək və sonrakı müalicə taktikasını seçmək mümkündür.

Bundan başqa, spirometriya əməliyyat öncəsi tənəffüs funksiyalarını dəyərləndirmək, habelə revmatoid artrit və digər xəstəliklərdən əziyyət çəkən insanların ümumi sağlamlıq vəziyyətini qiymətləndirmək üçün standart müayinə üsulu hesab olunur.

Müayinəyə hazırlıq

Müayinədən əvvəl həkimin göstərişlərinə əməl etmək lazımdır. Müayinədən 24 saat əvvəl siqaret çəkmək, spirtli içki qəbul etmək, gərgin məşq etmək və müayinədən bir neçə saat əvvəl həddindən artıq yemək tövsiyə olunmur. Həmçinin qeyri-sabit angina, tənəffüs orqanlarının aktiv vərəmi, öskürək və bəlğəmdən qan gəlməsi, yüksək qan təzyiqi, plevra boşluğuna havanın toplanması zamanı bu müayinə tövsiyə olunmur.

Ən sərfəli kredit üçün müraciət et

Spirometriya tam təhlükəsiz və informativ müayinə metodudur. 30-90 dəqiqə davam edən müayinə qeyri-invaziv və ağrısız aparılır. Oturaq vəziyyətdə aparılan müayinə zamanı havanın burun boşluğundan xaric olmasının qarşısını almaq üçün buruna klip bərkidilir. Müayinə zamanı dərindən nəfəs alınır və spirometrin borusuna dərindən nəfəs verilir. Müayinə vasitəsilə ağciyərin həyat tutumunu, ağciyərə daxil olan və xaric olan havanın həcmini hesablamaq mümkündür.

Lakin nəfəsvermə zamanı beyin, döş, qarın və gözlərdə təzyiq artır. Bu səbəbdən yaxın vaxtlarda infarkt, insult, döş və qarın boşluğunda əməliyyat keçirən, həmçinin oftalmoloji və beyin əməliyyatları keçirən pasiyentlərə spirometriya əks göstərişdir.

Bu müayinə icbari tibbi sığorta ilə TƏBİB-in tabeliyindəki Binəqədi, Nərimanov, Nizami, Pirallahı, Sumqayıt, Suraxanı, Xətai, Xəzər və Sabunçu tibb mərkəzlərində, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Respublika Pediatriya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinika, 7 nömrəli Şəhər Poliklinikası, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Cəlilabad, Göyçay, Qax, Zaqatala, Qazax, Qəbələ, Quba, Qusar, Salyan, Şəki, Şirvan, Sabirabad, Ucar, Zərdab, Yevlax və Şamaxı rayon mərkəzi xəstəxanalarında həkim göstərişi əsasında aparılır.

Ən sərfəli krediti almaq üçün müraciət et