Müəllif:Mehin Qasımova,Banco.az
Nobel Sülh Mükafatının 2026-cı il üzrə laureatı Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə keçmiş ali komissarı Navi Pillay seçilib.
Banco.az xəbər verir ki, mükafat oktyabrın 9-da elan edilib.
Bildirilib ki, Pillay sülhün və beynəlxalq hüququn möhkəmləndirilməsi istiqamətindəki səylərinə görə bu mükafata layiq görülüb.
Navanethem “Navi” Pillay Cənubi Afrikanın Durban şəhərində anadan olub. O, Harvard Hüquq Məktəbində hüquq təhsili alıb və 1995-ci ildə Cənubi Afrikanın Ali Məhkəməsinin hakimi təyin edilib. Daha sonra Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının prezidenti vəzifəsində çalışıb.
Pillay cinsi zorakılıq və təcavüzün müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və soyqırımla bağlı işlərdə sübut kimi tanınması istiqamətindəki fəaliyyəti ilə tanınıb. O, 2008–2014-cü illərdə BMT-nin İnsan Hüquqları üzrə ali komissarı vəzifəsini icra edib.
Bu il Nobel Sülh Mükafatına 287 namizəd, o cümlədən 79 təşkilat irəli sürülüb. Namizədlər arasında ABŞ Prezidenti Donald Tramp da olub.
Tramp daha əvvəl də mükafata namizəd göstərilsə də, seçilməyib. O, bu ilin əvvəlində Nobel Sülh Mükafatını Venesuela müxalifətinin lideri Mariya Korina Maçadodan hədiyyə kimi aldığını açıqlayıb. Nobel Komitəsi isə mükafatın başqa şəxsə ötürülə bilməyəcəyini xatırladıb.
