Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“Neftin qlobal bazar qiymətləri ilə bağlı dəqiq proqnoz irəli sürmək mümkün deyil. Qara qızılın dünya bazar qiymətləri ümumiyyətlə, bir sıra amillər əsasında formalaşır və təzahür edir. Bunların sırasında obyektiv və subyektiv amillər var”.
Banco.az xəbər verir ki, bunu iqtisadçı Pərviz Heydərov deyib. O bildirib ki, bəzən hətta adi bir siyasətçinin belə neftlə bağlı hər hansı bəyanatı qiymətlərə təsir edir. Ancaq əsas etibarı ilə hər şey hasilat və tələbat səviyyəsindən asılıdır:
“2025-ci il üçün 70 ABŞ dolları yüksək proqnozdur. Çünki hazırkı gərgin geosiyasi, həmçinin qlobal iqtisadiyyatda qeyri-müəyyən vəziyyət fonunda belə qiymətlər əgər 70 dollar civarındadırsa demək tələbat əslində, təklifdən aşağı səviyyədədir.
Ona görə hazırkı qiymət səviyyəsinə münasibətdə qlobal iqtisadiyyatda və tələbdə bu gün vəziyyət əvvəlki kimi deyil, demək olar, çox şey dəyişib və dəyişməkdə də davam edir”.
İqtisadçı qeyd edib ki, qiymətləri sabit saxlamaq üçün hasilatı aşağı həddə tutmaq real olaraq zamanın tələbi sayılır. Buna isə nəzarət lazımdır.