“Nissan” 9 min işçisini ixtisar edəcək | Banco.az

“Nissan” 9 min işçisini ixtisar edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiyanın avtomobil istehsalçısı “Nissan” qlobal istehsal gücünü 20% azaldacağını, 9 min iş yerini ixtisar edəcəyini, həmçinin “Mitsubishi Motors”dakı payının bir hissəsini satacağını açıqlayıb.

Banco.az xəbər verir ki, maliyyə hesabatları şirkətin mətbuat konfransında təqdim olunub.

Rüb ərzində gəlir 5% azalaraq 2,99 trilyon yenə (19,6 milyard dollar) düşüb. Şirkət rübü bir il əvvəl əldə etdiyi 1,25 milyard dollar mənfəətə qarşı 9,3 milyard yen (62 milyon dollar) xalis zərərlə başa vurub. Şirkət həmçinin 2024-cü il üçün mənfəət proqnozunu 70% azaldaraq 975 milyon dollara endirib.

Ən sərfəli kredit üçün müraciət et

Digər avtomobil istehsalçıları kimi “Nissan” da, ilk növbədə Çində avtomobillərə olan tələbatın azalması və bu bazarda yerli istehsalçılarla şiddətli rəqabətlə çətin anlar yaşayır. İlin birinci yarısında şirkətin qlobal satışları 3,8% azalaraq 1,6 milyon avtomobil təşkil edib. Çində isə satışlar 14,3% azalıb. 

ABŞ-də həmçinin satışlar azalır - ilin birinci yarısında 3%. Şirkət özü bunu xüsusən də ABŞ-də hibrid avtomobillərin artan populyarlığını vaxtında fərq etməməsi ilə izah edir. Hazırda “Nissan” ölkədə inventar toplayıb və bu səbəbdən avtomobilləri əhəmiyyətli endirimlərlə satmağa məcburdur.

Qeyd edək ki, “Nissan” səhmləri ixtisar elanlarından sonra 7%-dən çox ucuzlaşıb.