İşəgötürənin diqqətini çəkən CV necə olmalıdır? | Banco.az

İşəgötürənin diqqətini çəkən CV necə olmalıdır?

Müəllif: Gülnar Əhmədli, Banco.az

İşə qəbul prosesində namizədin ilk təqdim etdiyi sənəd onun haqqında ilkin təəssüratın formalaşmasında mühüm rol oynayır. Bu baxımdan CV-nin düzgün hazırlanması və məlumatların aydın şəkildə təqdim edilməsi namizədin seçim mərhələsində üstünlük qazanmasına kömək edə bilər. Bəs CV hazırlanarkən hansı məqamlara xüsusi diqqət yetirilməlidir?

"HR Hunter" şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə bu mövzuda Banco.az-a  açıqlamasında bildirib ki, CV-də ilk növbədə əlaqə məlumatları olmalıdır: 

"Bəzən namizədlər əlaqə məlumatlarını çox aşağıda və ya görünməyən hissədə yerləşdirirlər. Hətta elə hallar olur ki, əlaqə məlumatlarını qeyd etmək ümumiyyətlə unudulur. Ona görə də e-mail və telefon nömrəsi mütləq göstərilməlidir və telefon nömrəsi aktiv olmalıdır.

İkincisi, iş təcrübəsi ilə bağlı məlumatlar tam və dəqiq şəkildə verilməlidir. Hətta işlədiyiniz və işdən ayrıldığınız aylar da göstərilməlidir. Bəzən namizədlər sadəcə 2024-2025 yazırlar. Bu zaman 2024-cü ilin hansı ayında işə qəbul olunduğu, 2025-ci ilin hansı ayında işdən ayrıldığı bilinmir. Bu məlumatları dəqiqləşdirmək əlavə vaxt tələb edir və bəzən namizəd haqqında mənfi fikir formalaşmasına səbəb ola bilər. Ona görə də işə qəbul olunduğu ay və il, eləcə də işdən ayrıldığı ay və il dəqiq şəkildə qeyd edilməlidir".

İlkin Mirzəzadənin sözlərinə görə, üçüncü sırada təhsil və sertifikat məlumatları gəlir: "Bunlar da tam, dəqiq və dolğun şəkildə qeyd olunmalıdır. Həmçinin CV-də şəkil də olmalıdır. Bəzən vizual görüntü də müəyyən qədər prosesə təsir göstərə bilir. Ona görə də şəklin olması işə qəbul baxımından üstünlükdür.

Bundan əlavə, dil və kompüter bacarıqları, proqram bilikləri də vacib məlumatlar sırasındadır və CV-də mütləq qeyd olunmalıdır".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram