"Volkswagen" 50 min işçini ixtisar edəcək | Banco.az

"Volkswagen" 50 min işçini ixtisar edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Almaniyanın avtomobil nəhəngi "Volkswagen" restrukturizasiya planı çərçivəsində əlavə 50 min işçisini ixtisar etməyi və model sırasını optimallaşdırmağı nəzərdə tutur.

Banco.az xəbər verir ki, şirkətin Baş icraçı direktoru Oliver Blum tərəfindən təqdim edilən restrukturizasiya planı aylarla davam edən müzakirələrdən sonra Müşahidə Şurası tərəfindən birnalı olaraq təsdiqlənib. Səmərəliliyin artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəlmiş "Gələcək Planı" ("Future Plan") idarə heyətinin Volfsburqda keçirilən iclasında qəbul edilib.

"Volkswagen" tərəfindən edilən açıqlamada bildirilib ki, yeni layihə əlavə 50 min iş yerinin ləğvini nəzərdə tutur. Bununla da konsern üzrə ümumi iş yeri ixtisarlarının göstəricisi 100 minə çatır.

Bundan başqa, şirkət törəmə müəssisələrdəki payını azaltmağı, eləcə də model çeşidini 2035-ci ilə qədər təxminən 50 faiz kiçiltməyi planlaşdırır.

Addımların əsas məqsədi xərclərə qənaət etmək, istehsalı sadələşdirmək və qlobal bazarda, xüsusən də elektrik avtomobili seqmentində artan rəqabət fonunda şirkətin maliyyə sabitliyini təmin etməkdir.