BVF Venesuelada nümayəndəlik aça bilər | Banco.az

BVF Venesuelada nümayəndəlik aça bilər

Müəllif:Mehin Qasımova,Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) Venesuelanın paytaxtı Karakasda özünün daimi nümayəndəliyini  açmaq imkanlarını araşdırır.

Banco.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi  məlumat yayıb.

Məlumata görə, Venesuela hökumətinin iqtisadi göstəriciləri və statistik məlumatları Fondla bölüşməkdə daha fəal mövqe nümayiş etdirməsi fonunda BVF bu ölkəyə texniki yardımın həcmini artırmağı planlaşdırır. Təşkilatın göstərdiyi texniki dəstək maliyyə institutlarının, mərkəzi bankın və milli statistika agentliklərinin fəaliyyətinin gücləndirilməsi və institusional potensialın artırılması məqsədi daşıyır.

Agentlik vurğulayır ki, nümayəndəliyinin açılması məsələsi artıq Venesuela rəsmiləri ilə ilkin səviyyədə müzakirə olunsa da, bu barədə hələlik yekun qərar qəbul edilməyib.

BVF sözçüsü Fondun Venesuela rəhbərliyi ilə sıx işçi təmasda olduğunu təsdiqləyib. Həmçinin Beynəlxalq Valyuta Fondunun xüsusi texniki heyətinin hazırda Karakasda olduğu bildirilir.

Venesuela 1946-cı ilin dekabr ayından BVF-nin tamhüquqlu üzvüdür. Lakin 2019-cu ilin mart ayında Vaşinqtonun özünü dövlət başçısı elan etmiş Xuan Quaidonu rəsmən tanımasından və Karakasın ABŞ ilə diplomatik əlaqələri üzməsindən sonra Fondla rəsmi münasibətlər tam dondurulmuşdu.