İkinci əl bazarında aldığı rəsm əsəri 1,06 milyon dollar dəyərində sərvətə çevrildi | Banco.az

İkinci əl bazarında aldığı rəsm əsəri 1,06 milyon dollar dəyərində sərvətə çevrildi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-də köhnə musiqi valları almaq üçün ikinci əl bazarına gedən kolleksiyaçı təsadüfən 70 ildən artıqdır itkin hesab olunan tarixi sənət əsəri tapıb. Cəmi 30 dollara aldığı rəsm hərracda rekord qiymətə satılıb.

Banco.az xəbər verir ki, hadisə Miçiqan ştatında baş verib. Kolleksiyaçı qaraj satışında toz basmış bir rəsm əsərinə diqqət yetirib və kətan üzərindəki imzadan əsərin məşhur amerikalı rəssam Gertruda Abercrombieyə məxsus olduğunu müəyyənləşdirib.

O, əsəri 30 dollara aldıqdan sonra rəsmin həqiqiliyini araşdırmağa başlayıb. Milwaukee İncəsənət Muzeyinin arxiv sənədləri və 1952-ci ildə çəkilmiş qəzet fotosu əsərin tarixini təsdiqləyib. Sənət tarixçisi professor Syuzan Vayninger də əsərin Abercrombie tərəfindən çəkildiyini təsdiqləyib.

“Alderman Merriam's Fish” adlı əsər taxta panel üzərində yağlı boya ilə çəkilib. Rəsm 1952-ci ildə həkim John T. Reynoldsa tibbi xidmət müqabilində hədiyyə edilib.

Əsər 1953-cü ildə sərgiləndikdən sonra bir daha ictimaiyyət qarşısına çıxmayıb və uzun illər sənət dünyasında itkin hesab olunub. Həkimin ölümündən sonra onun əşyaları  satışa çıxarılarkən rəsm yenidən ortaya çıxıb.

Əsər daha sonra Çikaqodakı Baumgartner Fine Art Restoration mərkəzində bərpa edilib. Mütəxəssislər rəsm üzərində illər ərzində toplanmış çirki və köhnəlmiş lak təbəqəsini təmizləyərək əsərin ilkin görünüşünü bərpa ediblər.

Nyu-Yorkdakı Freeman's hərrac evində satışa çıxarılan əsərin ilkin olaraq 150-250 min dollar arasında qiymətləndiriləcəyi gözlənilirdi.

Rəsm hərraca 80 min dollardan çıxarılıb. Gərgin rəqabətdən sonra əsər 1,06 milyon dollara satılıb. Komissiya və digər ödənişlər nəzərə alındıqda yekun satış məbləği 1 milyon 352 min 600 dollara çatıb.

Sənətşünasların fikrincə, qaranlıq fonda dəniz qabıqlarının təsvir olunduğu əsər Gertruda Abercrombie yaradıcılığında sürrealizmə keçidi göstərən mühüm işlərdən biri hesab olunur.

Beləliklə, cəmi 30 dollara alınan tozlu rəsm əsəri 70 ildən sonra yenidən sənət dünyasına qayıdaraq milyon dollarlıq tarixi tapıntıya çevrilib.