Dünyanın ən yaxşı hava limanlarının adları açıqlanıb | Banco.az

Dünyanın ən yaxşı hava limanlarının adları açıqlanıb

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın ən yaxşı hava limanlarının adları açıqlanıb.

Banco.az xəbər verir ki, İstehlakçı Seçimi Mərkəzi dünyanın ən yaxşı hava limanlarının reytinqini açıqlayıb.

Reytinq iki kateqoriya üzrə hazırlanıb. Siyahılardan biri ildə 47,2 milyondan çox sərnişinə xidmət göstərən böyük hava limanlarını, digəri isə bu göstəricidən aşağı sərnişin axınına malik hava limanlarını əhatə edir.

Qiymətləndirmə zamanı hava limanlarının şəhər nəqliyyatına əlçatanlığı, metro və milli dəmir yolu xətləri ilə birbaşa əlaqəsi, terminallar və qapılar arasında keçid imkanları, aviaşirkət seçimi, uçuşların orta gecikmə müddəti və hava limanı ərazisində otelin mövcudluğu kimi amillər nəzərə alınıb.

Bundan əlavə, təhlükəsizlik yoxlaması üçün gözləmə müddəti üç dəqiqədən az olan və gecə uçuşlarına məhdudiyyət tətbiq edilməyən hava limanlarına əlavə ballar verilib.

Məlumat görə, həm böyük, həm də kiçik hava limanları kateqoriyasında ilk yerləri Avropa hava limanları tutub.

Böyük hava limanları arasında İspaniyanın Barselona-El Prat Josep Tarradellas Hava Limanı birinci olub. Kiçik hava limanları kateqoriyasında isə Almaniyanın Düsseldorf Hava Limanı lider seçilib.

Hər iki hava limanı təhlükəsizlik yoxlamalarındakı sürətli xidmətlə xüsusilə fərqlənib. Barselona hava limanında sərnişinlər təhlükəsizlik yoxlamasından keçmək üçün orta hesabla təxminən üç dəqiqə gözləyirlər. Düsseldorf hava limanında isə bu prosedurlar demək olar ki, dərhal tamamlanır.

Reytinqdə ən aşağı nəticə göstərən böyük hava limanları arasında Antalya, Quançjou Bayun və Frankfurt hava limanları yer alıb.

Kiçik hava limanları kateqoriyasında isə Seul Gimpo, Punta Kana və London Stansted siyahının son sıralarında qərarlaşıb.

Bu hava limanlarında əsas problemlər kimi şəhər mərkəzindən uzaq yerləşməsi, müstəqil taksi xidmətlərinin məhdudluğu, dəmir yolu nəqliyyatına zəif çıxış, təhlükəsizlik məntəqələrində uzun növbələr və uçuşların yüksək gecikmə göstəriciləri qeyd olunub.

Dünyanın ən yaxşı böyük hava limanları

  1. Barselona-El Prat Josep Tarradellas Hava Limanı – İspaniya
  2. Leonardo da Vinci-Fiumicino Hava Limanı – Roma, İtaliya
  3. Los-Anceles Beynəlxalq Hava Limanı – ABŞ
  4. Banqkok Suvarnabhumi Beynəlxalq Hava Limanı – Tayland
  5. Şarl de Qoll Hava Limanı – Paris, Fransa
  6. Kral Əbdüləziz Beynəlxalq Hava Limanı – Ciddə, Səudiyyə Ərəbistanı
  7. London Hitrou Hava Limanı – Birləşmiş Krallıq
  8. Adolfo Suárez Madrid-Barajas Hava Limanı – İspaniya
  9. Tokio Beynəlxalq Hava Limanı (Haneda) – Yaponiya
  10. Dubay Beynəlxalq Hava Limanı – Birləşmiş Ərəb Əmirlikləri

Dünyanın ən yaxşı kiçik hava limanları

  1. Düsseldorf Hava Limanı – Almaniya
  2. Sürix Hava Limanı – İsveçrə
  3. Kopenhagen Hava Limanı – Danimarka
  4. Helsinki Hava Limanı – Finlandiya
  5. Milan Malpensa Hava Limanı – İtaliya
  6. Oslo Gardermoen Hava Limanı – Norveç
  7. Münhen Hava Limanı – Almaniya
  8. Vankuver Beynəlxalq Hava Limanı – Kanada
  9. Brüssel Hava Limanı – Belçika
  10. Berlin Brandenburq Hava Limanı – Almaniya